Ankara Moskvanın layihəsinə görə Vaşinqtonu hədələdi

Ölkədaxili siyasi maraqlar naminə ABŞ Konqresinin üzvləri Ankaraya düşmən olan dairələrə təsir etmək üçün Türkiyə - Amerika münasibətlərinə zərər vurmağa davam edir
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Rəsmi Vaşinqtonun Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin alınmasına və "Türk Axını" qaz kəmərinin tikintisinə dair sanksiyaları Ankaranın öz maraqlarını təmin etməsinə mane olmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

"S-400"ləri anbarda toz basması üçün almamışıq – Çavuşoğlu

Bəyanatda qeyd olunur ki, Ankara Vaşinqtonun addımlarını cavabsız qoymayacaq.

"Götürdüyü bütün öhdəlikləri yerinə yetirməsinə baxmayaraq Türkiyənin "F-35" proqramında iştirakına ədalətsiz şəkildə mane olmaq, "S-400" və "Türk Axını" layihəsinə qarşı sanksiyaların tətbiqinə dair çağırışların təkrar olunması Konqresin Türkiyə rəhbərliyi tərəfindən qəbul olunan qərara hörmətsizliyini göstərir", - deyə Türkiyə XİN-in yaydığı məlumatda bildirilir.

Bəyanatda vurğulanır ki, ölkədaxili siyasi maraqlar naminə ABŞ Konqresinin üzvləri Ankaraya düşmən olan dairələrə təsir etmək üçün Türkiyə - Amerika münasibətlərinə zərər vurmağa davam edir: "Bir daha xatırladırıq ki, təhdid dili və sanksiyalar Türkiyəyə öz milli maraqlarını təmin etmək üçün lazımi addımları atmağa mane olmayacaq. Heç kim şübhə etməməlidir ki, Türkiyə özünə qarşı düşmən təşəbbüslərə cavab olaraq lazımi addımları atacaq".