CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu istiqamətə ilk avtobuslar yola düşdü

"Gəncə-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşməsi dekabrın 17-si saat 10:30-da başlayıb.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 dekabr — Sputnik. "Bu gün Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə kəndinə - Cocuq Mərcanlıya ilk avtobus yola düşüb". Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

N.Allahyarovanın sözlərinə görə, ilk marşrut Sumqayıtdan hərəkətə başlayıb. O, bildirib ki, bu gündən etibarən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək: "Gəncə-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşməsi dekabrın 17-si saat 10:30-da başlayıb. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq". N.Allahyarovanın sözlərinə görə, "Mingəçevir-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə "Sumqayıt-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir. Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə hərəkət trayektoriyasının uzunluğu 268 km, Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə 247 km, Sumqayıt-Cocuq Mərcanlı istiqaməti üzrə isə 363 km-dir.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində 508 nəfər sakin yaşayır.