Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 16 dekabr — Sputnik. Azərbaycanlı ekstrasens Zirəddin Rzayev "Cəhənnəmə gedənlər" çoxseriyalı filminin müəllifi olan jurnalist Boris Sobolevə qarşı məhkəmədə qalib gəlib.
Sputnik Azərbaycan-ın məlumatına görə, sözügedən filmin məqsədi "Ekstrasenslərin döyüşü" populyar şousunun iştirakçılarını ifşa etməkdir.
Ekstrasens məhkəmədə qalib gəldiyi barədə sevincli xəbəri özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində verib. Xatırladaq ki, "Cəhənnəmə gedənlər" filmində Sobolev tamaşaçılara Zirəddin Rzayevin Moskvadakı bahalı mebellərlə təchiz edilmiş mənzillərini tamaşaçılara göstərir. O, sadə azərbaycanlı oğlanın bu layihə sayəsində populyarlaşdığını və hazırda onun yeganə qorxusunun "ifşa edilmək" olduğunu qeyd edib. Filmdə həmçinin Rzayevin etiraflarından ibarət kadrlar da yer alır. Zirəddin bu kadrlarda həyatda əsl ekstrasensləri görmədiyini və onun həmkarlarının əksəriyyətinin fırıldaqçı olduğunu bildirir.
"Mən məhkəməni uddum və sübut etdim ki, bütün bunlar montajdır. Çoxları yazdı ki, mən bəhanə gətirirəm. Əgər mən haqlıyamsa, niyə susuram? Mən məhkəməni udmuşam, amma Sobolev onun qərarı ilə razılaşmır. Onların fikrincə, mən yayım faktını sübut etməmişəm. İndi o, apellyasiya şikayəti verməyə hazırlaşır", - Zirəddin Rzayev yazıb.
Ekstrasens Andrey Malaxovun verilişinə qonaq gedərək Boris Sobolevin bütün yalanlarını sübut etmək niyyətindədir.
Zirəddin Rzayev azərbaycanlı ekstrasens, öncəgörən, "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır və işləyir. Rusiya telekanallarındakı müxtəlif verilişlərdə iştirak edir.