MƏDƏNİYYƏT

Yuğ teatrı "Mənəm mən" deyəcək

Mehriban Ələkbərzadə: "Sentyabr ayından İmadəddin Nəsiminin "Mənəm mən" tamaşasının məşqlərinə başladıq. Bu tamaşa dahi şairimizin 650 illiyinə həsr olunub"
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. 30 illik yubileyini qeyd edən Azərbaycan Dövlət Yuğ Teatrı yeni tamaşanın premyerası ərəfəsindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.

Əliqismət Lalayev: "Bu tamaşa Təbrizdə böyük əks-səda doğuracaq"

"Bu il biz "Yuğ" teatrının çox böyük addımlarının şahidi olduq. İlin əvvəlində Şekspirin "Lənət" tamaşasını təhvil verdik. Daha sonra "Vahimə", "Mən ağacam" tamaşalarının premyeraları oldu. Sentyabr ayından İmadəddin Nəsiminin "Mənəm mən" tamaşasının məşqlərinə başladıq. Bu tamaşa dahi şairimizin 650 illiyinə həsr olunub. Ən azı janr olaraq çox çətin tamaşadır. 26 dekabr tarixində premyerasını nəzərdə tutmuşuq."

Qeyd edək ki, "Mənəm mən" tamaşası İlqar Fəhminin mistik-psixoloji dramı əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Aygün Səmədzadədir. Səhnə əsərində aktyorlar Xalq artisti Məmmədsəfa Qasımov, Abdulqəni Əliyev, Vüqar Hacıyev, Elgün Həmidov, Qasım Nağıyev, Amid Qasımov rol alıblar.