BAKI, 16 dekabr — Sputnik. Kompot çox ciddi məsələdir. Mən kompotun mükəmməl bir ixtira olduğunun fərqindəyəm. Siz də fərqindəsinizmi?
Qidalarımızın, azuqələrimizin sürətlə çirkləndiyi belə bir vaxtda, qlobal istiləşmə dövründə kimyəvi maddələr olmadan, tam təbii üsulla ərsəyə gəlmiş həm dadlı, həm də faydalı bir içki bütün bu baş verənlərə qarşı təbiətin qaldırdığı güclü bir silah deyilmi? Mən hər dəfə kompot düşünəndə, görəndə, içəndə həyəcanlanıram. Onun arxasında gizlənən qüdrətə heyran olmamaq mümkün deyil.
Kompot bağlamaq da, onu içmək qədər faydalı və əyləncəlidir. Siz meyvələri yumalı, şəkər tozunu ölçməli, su qaynatmalı, bankaları təmiz tutmalı və isitməli, meyvələri əzmədən bankaya qoymalı, dəqiqələri hesablamalı və digər incəlik, dəqiqlik istəyən proseslərdən keçməlisiniz. Bu, sizin üçün həm bədən tərbiyəsi, həm də beyin gimnastikasıdır. Məhz bu səbəblə kompot bağlamağı çoxdan öyrənmişəm və demək olar ki, hər il edirəm. Xüsusi ilə kəndimizə gedəndə müxtəlif meyvələrdən toplayıb cürbəcür kompotlar bağlayıram. Ən sevdiklərim isə ardıcıllıqla feyxoa və qaragilə qarışığı, qırmızı alça, reyhan, mandarin və nar qarışığı olan kompotlardır.
Kompotu əldə etmək və içmək insanı ucaldır. Bəli, bunda böyük həqiqət və hikmət var. Mən ilk dəfə yayın ortasında feyxoa kompotu içəndə həm təbiətin böyüklüyünü və həm də insan zəkasının sərhədsizliyini anladım. Yayda içilən feyxoa kompotundakı təbiətin böyüklüyü ondan ibarətdir ki, mənşəyi bilinməyən min cür içkinin arasında o təbiiliyin dadı və fərahlığı özünün fövqəladə təsirini dərhal göstərir. İnsan hiss edir və anlayır ki, içdiyi suya qarışmış meyvə şirəsi və şəkər tozundan ibarətdir. Bunun digərləri kimi dadı yaxşı olsa da, cana zərərli deyil. Yəni biz nələr icad etsək də, təbiətin bizə bəxş etdiyi bədənə onun istədiyi şeyləri verməliyik ki, həm rahat, həm də sağlam olaq. O, bizə başqa seçim vermir.
Köhnələri əbədiləşdirməklə məşğuluq, yeniləri isə hələ də yaratmırıq
Yayda içilən feyxoa kompotundakı insan zəkasının sərhədsizliyi ondan ibarətdir ki, təbiət bizə feyxoanı noyabr ayında verirdi və bir müddət sonra bizdən alırdı. Biz zəkamızın gücü ilə təbiətə qarşı dirəndik və istədik ki, bu dadı istədiyimiz vaxt duya bilək. Beləcə, elə təbiətin verdiyi su və şəkərin içində feyxoaları çürüməkdən qoruyub, üstəlik, onun dadını canından çıxarıb suya qarışdıraraq içdik və iyul ayında feyxoanı ovuclarımızın içində tutduq. Lazım gəlsə içində büzüşüb qalan o feyxoanı da yedik. Və o müəzzəm gücün üzərində zəkamızın qazandığı bu möhtəşəm zəfərə hər qurtumda qürrələnmək, fəxr edə bilmək, zehni əməyimizin bu ləzzətli bəhrəsini yemək həqiqətən də xoşbəxtlik deyilmi?
Mən kompotu bu və digər səbəblərlə hər zaman sevmişəm. Dilimə süddən başqa nemətlərin dəyməyə başladığı o ibtidai çağlarımdan etibarən az qala hər gün içirəm. Bir zaman da gördüm ki, kompot elit məclislərdə, aristokrat ziyafətlərdə verilmir. Hətta, verilməsi belə, gülünc qarşılanır. Daha sonralar müxtəlif spirtli və ya spirtsiz içki markalarının brendə çevrildiyi halda heç bir kompot markasının dünyaca böyük bir nüfuz qazanmadığını da anladım. Amma ortada bir səhv vardı. Sistemdə bir xəta olduğu aydın görünürdü. Əslində, hamımıza lazım və yararlı olan kompot niyə heç vaxt reklam olunmur? Brend kompot markaları niyə yoxdur? “Coca-cola”, “Fanta”, “Hell” kimi içkilər az qala hər saniyə, hər yerdə gözümüzün önündəykən və bizə bunca zərərliykən, faydalı olan kompot niyə bizdən gizlədilməyə çalışılır?
Əlbəttə, mən sonra təkcə kompotun yox, lazım və faydalı olan hər şeyin bizdən gizlədildiyini gördüm və anladım. Amma sirri kompotla çözmüşdüm. Bilmişdim ki, lazım və faydalı olan hər şeyin lazım amma faydasız və hətta zərərli olan hər şeylə əvəzlənmə prosesi sürətlə başlayıb. Məsələn, lazım və faydalı olan bütün sənətkarlarımız efirdən kənarda tutulub, efiri doldurmaq üçün lazım, amma faydasız və hətta zərərli olan adamlar onların yerində boy göstərir, gözə girir. Məsələn, işini bilən, savadlı, bilikli və bacarıqlı kadrlar onlara müvafiq iş proseslərindən kənarda tutulub, iş masalarını doldurmaq üçün lazım olan faydasız və hətta zərərli adamlar onların yerində bizi qarşılayır.
Kompotun fəlsəfəsi mənim şairanə izahımla bəlli olmaz. Açılmış bütün kompotları qoyaq soyuducuya. İndi gəlin ondan danışaq ki, bütün bunlar niyə belə olur? Niyə lazımlılıq, faydalılıq göz önündə tutulması vacib olan ən önəmli nüans ikən sistemdə xəta olaraq görünür və qəbul edilmir? Niyə? Bu da sizə ev tapşırığı...