VİDEO

"Hər qiymətə var..." – Bakıda Yeni il çadır yarmarkalarında nələr satılır

Hər il olduğu kimi, bu il də Bakıda bayram öncəsi bir çox metro stansiyasının yanında ənənəvi çadır yarmarkaları işə düşüb. Burada bayrama hazırlaşmaq üçün hər növ əşya əldə etmək mümkündür.
Sputnik

Bu il bizi maraqlandıran ilk sual qiymətlər idi. Danışdığımız satıcıların çoxu kamera qarşısına çıxmaq istəməsə də, bizə bildirdilər ki, qiymətlər ötən ilkinə nisbətən heç dəyişməyib.

İkinci məqam isə keyfiyyət olub. Bu il 100 manat xərcləyib yolka alırıqsa, ondan heç olmasa bir neçə il istifadə edə biləcəyikmi? Yarmarkaya alış-verişə gəlmiş alıcıların çoxu bu il yolka almır, çünki ötən ildən qalma ağacdan istifadə edirlər. Bu da, zənnimizcə, sualı yetərincə cavablayır. Bəs bər-bəzəklər, oyuncaqlar? Burada isə vəziyyət fərqli olub. Aksessuarların çoxu birillik olduğuna görə hər il yenilənməli olur. Hər ailə bayram qabağı 30-60 manat arası pul xərcləyir.

Seçim, doğrudan da, boldur. Hər kəs öz cibinə görə evini bəzəyə bilər. Yeganə məsləhətimiz, yarmarkaya uşaqlarla birgə getməməkdir, çünki planlaşdırdığınızdan daha çox pul xərcləməli olacaqsınız.