BAKI, 16 dekabr — Sputnik. Estoniyanın Daxili İşlər naziri, Mühafizəkar Xalq Partiyasının (EKRE) sədri Mart Helme Finlandiyanın yeni Baş Naziri Sanna Marini "satıcı" adlandırıb.
Sputnik Azərbaycan xəbər verir ki, Helme "TRE Raadio" radiostansiyasının efirində Sanna Marin haqqında "satıcı Baş nazirə qədər yüksəldi" sözlərini işlədib.
Xatırladaq ki, keçən həftə Finlandiya parlamenti Sanna Marini ölkənin yeni Baş naziri kimi təsdiqləyib. Beləliklə 34 yaşlı Marin dünyada ən gənc Baş nazir olub.
"Finlandiyada baş verənlərdən adamın tükləri biz-biz olur. Bununla bağlı olaraq Vladimir Ulyanov-Leninin "istənilən aşpaz nazir ola bilər" sözlərini xatırlatmaq istərdim. Burada isə biz satıcı bir qadının Baş nazirə qədər yüksəldiyini, eləcə də bir sıra digər küçə fəallarının və təhsilsiz şəxslərin hökumətin tərkibinə daxil olduğunu görürük", - Helme deyib.
O, həmçinin Finlandiyanın yeni hökumətinin dövlətin maraqlarını müdafiə edə biləcəyinə şübhə etdiyini bildirib. Helmenin fikrincə, "Əsl finlər" müxalifət partiyasının lideri Yussi Halla-Aho Finlandiyanın növbəti Baş naziri olacaq. Qeyd edək ki, bu partiya Estoniyanın "EKRE" partiyasına ideoloji cəhətdən yaxındır.
Sanna Marin artıq estoniyalı nazirin sözlərinə "Twitter"də reaksiya verib.
"Finlandiyadan çox qürur duyuram. Burada kasıb ailənin uşağı təhsil alıb həyatında bir çox şeyə nail ola bilər. Mağazanın kassiri isə Baş nazir ola bilər", - Marin tvitində deyib.
Bir müddət əvvəl Finlandiyanın Sosial Demokratlar Partiyasının sədri seçilmiş Sanna Marin hazırda Baş nazir kimi qadınlardan ibarət koalisiya hökumətinə başçılıq edir. Finlandiyanın koalisiya hökumətində digər dörd partiyaya da əsasən gənc olan qadınlar sədrlik edirlər: Solçu Alyans partiyasına 32 yaşlı Li Anderson, Yaşıl Birliyə 34 yaşlı Maria Ohisalo, Mərkəz partiyasına 32 yaşlı Katri Kulmuni və İsveç Xalq Partiyasına 55 yaşlı Anna-Maya Henrikson başçılıq edirlər.
Sanna Marin hökumətində nazir vəzifələrini 12 qadın və yeddi kişi tutur.