BAKI, 16 dekabr — Sputnik. Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən bölmələrinin qış mövsümünə hazırlıqla əlaqədar təchizat və təminat işləri başa çatdırılıb.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Yüksək dağ massivlərində döyüş növbətçiliyi yerinə yetirən hərbi qulluqçuların ərzaq təminatı, isti geyim və istilik üçün yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun şəkildə döyüş mövqelərinə çatdırılıb.
İşğal olunmuş Azərbaycan torpaqlarındakı Ermənistan ordusunun bölmələri ilə üzbəüz mövqelərdə döyüş növbətçiliyi aparan Azərbaycan Ordusunun bölmələri qış mövsümünə tam hazırdır. Dəniz səviyyəsindən 1500-2000 metr hündürlükdə yerləşən mövqelərdə xidmət aparan şəxsi heyətin təchizat və təminatı qış ayları ərzində heç bir problem və çətinlik çəkmədən xidmət aparmağa imkan verir.
Qış istismar rejiminə keçidlə əlaqədar soyuq iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyəti artırılır, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtkü materialları dəyişdirilərək ən çətin və soyuq iqlim şəraitində istismar olunması üçün döyüşə hazır vəziyyətə gətirilib.