Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 15 dekabr — Sputnik. Məktəblərdə şagirdlərin dərsə davamiyyəti Təhsil Nazirliyini narahat edən əsas məsələlərdən birinə çevrilib. İş o həddə çatıb ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva da şagirdlərin dərsə davamiyyəti ilə bağlı direktorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edib. Nazir müavini deyib ki, şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq: "Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın".
Qeyd edək ki, son illər məktəblərdə dərsə davamiyyətdə zəifləmə əsasən yuxarı siniflərdə, buraxılış siniflərində hiss olunur. Ali məktəbə qəbul olmaq istəyən şagirdlər repetitor yanına getmək üçün məktəb direktorlarına rüşvət verərək dərsə getmədən orta təhsili başa vururlar. Mərkəzi rayonlarda yerləşən məktəblərdə bunun üçün qiymət baha olduğundan, valideynlər çıxış yolunu, uşaqlarını bir qədər kənar məktəblərə köçürtməkdə tapıblar. Amma məsələdən xəbər tutan Təhsil Nazirliyi bunun qarşısını almaq üçün elektron şagird yerdəyişmə sistemini işə salıb. M. Vəliyeva bu məsələyə toxunaraq bildirib ki, bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatlar görünür.
Amma görünən odur ki, Təhsil Nazirliyi şagirdlərin dərsdən yayınmasının qarşısını almaq üçün nə qədər innovativ üsullara əl atsa da, inzibati üsul işə düşmədən bu qanunsuzluğun qarşısı alınmayacaq. Sputnik Azərbaycan məktəblərdə dərsə davamiyyətin zəifləməsinin qarşısını almağın yollarını araşdırıb.
Azərbaycan Təhsil Şurasının sədri, professor Şahlar Əsgərov bildirib ki, məktəblərdə dərsə davamiyyətin zəifləməsi çox ciddi məsələdir: "Repetitora müraciət yuxarı sinif şagirdləri arasında geniş yayılıb. Ölkənin təhsil müəssisələrinin əksəriyyətində bu hala rast gəlinir. Nazir müavini də sağ olsun şagirdlərin dərsdən yayınmasına şərait yaradan məktəb direktorlarına sərt şəkildə xəbərdarlıq edib. Görünür nazirlik inzibati yolla bunun qarşısını almaq istəyir. Amma çox təəssüf ki, şərq ölkələri insanları nəticə ilə mübarizə aparır. Bunun səbəbini axtarıb kökünü kəsmək lazımdır. İnzibati yolla bu problemin qarşısını almaq olmaz. Məndə olan məlumatlara görə, şagirdlərin dərsdən yayınmasına görə, böyük pullar alınır. Ona görə də, nazirlik yaxşı olardı ki, tədqiqatlar aparsın, bunun səbəbini üzə çıxartsın".
Ş. Əsgərov deyir ki, məktəbin bir-birinə bərabərliyini təmin etmək lazımdır. Hansı məktəbdə tədris düzələ bilmirsə, onun direktorunu daha qabiliyyətli direktorla əvəzlənək lazımdır.
Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin dərsə davamiyyətinə yerli təhsili idarəetmə orqanları tərəfindən nəzarət olunur: "Şagirdlərin, əsasən də buraxılış sinif şagirdlərinin davamiyyət məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı onlara müvafiq tapşırıqlar verilib. Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistem vasitəsilə həyata keçirilir. Cari ilin avqust ayının 15-də başlayan elektron yerdəyişmə portalı (https://sy.edu.az/login) vasitəsi ilə bu günədək 78 108 nəfər şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsi uğurla həyata keçirilib".