Şəmkirdə qadını qatar vurub öldürdü

Elektrovoz həyəcan siqnalı verməklə yanaşı, təcili tormozlama etsə də, məsafə az olduğu üçün qadını vurub
Sputnik

BAKI, 13 dekabr — Sputnik. Şəmkirdə qatar qadını vurub. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsi ərazisindən keçən Dəllər-Zəyəm mənzilinin 137-ci km-də qeydə alınıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Sputnik Azərbaycan-a bildirilib ki, dekabrın 12-si, saat 19:20-də Şəmkir rayon Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb. Elektrovoz həyəcan siqnalı verməklə yanaşı, təcili tormozlama etsə də, məsafə az olduğu üçün qadını vurub.

Hadisə yerinə dərhal təcili yardım çağrılıb və ağır bədən xəsarətləri alan X.Orucova Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib. Qatar saat 19:50-də təyinatı üzrə yola salınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.