CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"EuroHome"da zərər çəkənlərin taleyi necə olacaq?

"EuroHome" rəhbəri onlara deyib ki, dəymiş zərər hesablanandan sonra sahibkarlarla ödəniləcək kompensasiyanın məbləği haqqında yenidən müzakirə aparılacaq
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. Bakıda "EuroHome" ticarət mərkəzinin yanması nəticəsində zərər dəyən sahibkarlara kompensasiyanın ödənilməsi müzakirə olunub.

Bu barədə Sputnik Azərbaycan-a sahibkarlar məlumat veriblər. Onlar bildiriliblər ki, Bakı-Sumqayıt yolunda yerləşən "EuroHome" tikinti materialları bazarında baş verən yanğından sonra sahibkarlara dəyən külli miqdarda ziyanla bağlı hazırda müzakirələr aparılır: "Sahibkarlarla görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və "Eurohome" ticarət mərkəzinin rəhbəri Azay Möhnətov da iştirak ediblər. Görüşdə sahibkarlarla söhbət aparılıb. Azay Möhnətov deyib ki, hazırda dəymiş ziyan müəyyən edilir və sahibkarlara ödəniləcək kompensasiya şərtləri müzakirə edilir. "EuroHome" rəhbəri onlara deyib ki, dəymiş zərər hesablanandan sonra sahibkarlarla ödəniləcək kompensasiyanın məbləği haqqında yenidən müzakirə aparılacaq.

Binəqədi Rayon İcra Hakimiyyətindən də Sputnik Azərbaycan-a "EuroHome" ticarət mərkəzinin rəhbəri ilə sahibkarların görüş keçirməsi təsdiqlənib və görüşün hələ də davam etdiyi bildirilib: "Görüş zamanı sahibkarlara dəymiş ziyan ilə əlaqədar müzakirələr aparılıb. Ziyanın məbləği müəyyən edildikdən sonra sahibkarlara “EuroHome” tikinti bazarının rəhbərliyi tərəfindən görüləcək işlərin yenidən müzakirə ediləcəyi bildirilib".

Məlumat üçün qeyd edək ki, "Eurohome" ticarət mərkəzi dekabrın 10-da qəflətən yanıb. Baş vermiş yanğın ümumilikdə 21000 kv.m sahə yanıb.