CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Soğan olsun, nağd olsun - Niyə bütün dünyada yayılan təcrübə bizdə özünə yer tutmur

Xırda obyektlər əməliyyatları az olduğuna görə POS-terminal quraşdırmaqda maraqlı olmurlar. POS-terminalların quraşdırılması pulsuzdur, banklar bu aparatı pulsuz verirlər, amma xidmət haqqına görə hər ay minimum 50 manat pul istəyirlər.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı vergi qanunvericiliyinin tələblərinin sərtləşdirilməsi aktuallaşıb. Parlamentdə qəbul edilən Vergi Məcəlləsinə son dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi təsbit edilib. Artıq 2020-ci ildən həmin obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarının müəyyən edilməsi məqsədilə maliyyə sanksiyaları tətbiq olunacaq. Təqvim ili ərzində ilk dəfə POS-terminalların quraşdırılmamasına və ya onu təqdim etməkdən imtina halına yol verdikdə sahibkarlıq subyektinə 1000 manat, ikinci dəfə yol verdikdə 3000 manat, üç dəfə və daha artıq yol verdikdə isə 6000 manat maliyyə sanksiyası tətbiq olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib.

Qəpik-quruşunuzu da, milyonunuzu da itirə bilərsiniz – Bank kartı təhlükəsi yaşanır

POS-terminalların quraşdırılmasında məcburiyyət məsələsi ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a deyib ki, artıq iri supermarketlərdə POS-terminallar var: "Bu məsələ əsasən indiyədək POS-terminallar quraşdırılmayan ictimai iaşə və ticarət mərkəzlərinə aiddir. İri ictimai iaşə və iri ticarət mərkəzlərinə bununla bağlı baxış keçiriləcək. Amma xırda obyektlər bəzi hallarda bunu quraşdırmaqdan boyun qaçırırlar. Çünki POS-terminalların quraşdırılması pulsuz olsa da, xidmət haqqına görə banklar minimum 50 manat tələb edirlər. Xırda obyektlərdə əməliyyatlar az olduğuna görə onlar POS-terminal quraşdırmaqda maraqlı olmurlar. POS-terminalların quraşdırılması pulsuzdur, banklar bu aparatı pulsuz verirlər, amma xidmət haqqına görə hər ay minimum 50 manat pul istəyirlər".

"Digər tərəfdən, bu aparatlar bahalıdır, bank da öz pulunu çıxartmaq istəyir. Dövlət bu məsələdə dəstək verə bilər ki, banklar xırda obyektlərə bu istiqamətdə güzəşt etsinlər. İnsanların hamısı kartla ödəniş etməyə meylli olsalar, bu problem həll ola bilər" - o qeyd edib.

Telefonunuzu çıxarıb ödəyin: "Nağdsız" ödənişin yeni üsulu çox şey vəd edir

Atakişiyevin fikrincə, POS-terminalların quraşdırılması ilə bağlı məcburiyyət məsələsi genişlənərsə, artıq onu tətbiq edən ticarət mərkəzi, ictimai iaşə mərkəzi özü maraqlı olacaq ki, alıcıdan pulu nağd şəklində yox, nağdsız qəbul etsin: "Bu zaman həmin obyektlər kart ilə ödənişlərin qəbulunda güzəştlər, endirimlər paketi təqdim edəcəklər ki, alıcılar kartlardan daha çox istifadə etsinlər. Digər tərəfdən, POS-terminalların quraşdırılmasından yayınma halları həmin müəssisələrə sanksiyalar tətbiq etməyə gətirib çıxarda bilər".

"Regionlarda işləməyənlərin əksəriyyəti kartlardan istifadə etmir. Pensiyaların verilmə vaxtı bankomatların qabağında uzun növbələr yaranır. Bu, onu göstərir ki, karta pul oturan kimi onu çıxardırlar. Maariflənmə də aparılmalıdır ki, onlar alış-verişləri kartla etsinlər. Bu məsələlər kompleks şəkildə həll edilməli, stimullaşdırıcı metodlar olmalı, cəmiyyət maariflənməlidir. Burada cəmiyyətin bütün təbəqələri nəzərə alınmalıdır" - ekspert əlavə edib.

Sputnik Azərbaycan bəzi xırda dükanlarda POS-terminalların quraşdırılması məsələsi ilə maraqlanıb. Xırda dükan sahiblərindən biri bildirib ki, dükanda POS-terminal var, amma müştərilərin böyük əksəriyyəti nağd şəkildə məhsul alırlar, ona görə də bu aparata o qədər də ehtiyac olmur: "Digər tərəfdən, xırda dükanlarda gəlir az olduğuna görə POS-terminal quraşdırmaqda maraqlı deyillər. POS-terminal vasitəsilə ilə ödəniş olanda nağd pul olmur, amma bizə nağd pul lazımdır. Ona görə də banka gedib nağd pul götürməliyik. Çünki biz də dükana məhsul alıb gətirməliyik. Bəzən bank dükandan uzaqda yerləşir və hər dəfə oraya getmək bizə sərf etmir, həm vaxt itkisidir, həm də xərcimiz çıxır. Digər tərəfdən, bank POS-terminal vasitəsilə olan gəlirin müəyyən faizini bizdən tutur. Dükanın gəliri az olduğuna görə bu, bizə sərf etmir. Amma iri supermarketlərə sərf edir. Əgər hamı kart vasitəsilə alış-veriş etsə, bu problem də həll olar".

Əli adlı digər kiçik dükan sahibi də dedi ki, POS-terminaldan istifadə yaxşıdır, amma xırda dükanda gəlir az olduğu üçün sərf etmir: "Müştərilər içərisində çox nadir hallarda kart ilə ödəniş edən olur, nağd şəkildə ödəniş edirlər. Əgər hamısı kart ilə ödəniş etsə, biz məcburən aparata keçməliyik. Digər tərəfdən, gəlir az olduğu üçün aparatdan istifadə sərf etmir. Çekləri aparıb banka verirsən və bu çeklərə əsasən müəyyən faiz tutulur. Banka görə faizlər dəyişir".

Digər bir xırda dükanda işləyən Ramin adlı satıcı isə bildirdi ki, müştərilərdən kart ilə ödəniş edən yoxdur: "Ona görə də POS-terminala ehtiyac qalmır. Əgər kart ilə ödəniş etsələr, aparatdan istifadə edə bilərik".

Artıq bəhanələri də bitir, ödənişdən yayınmaq üçün imkan yeri qalmayacaq

Qeyd edək ki, Vergilər Nazirliyinin Vergi Siyasəti İdarəsinin rəisi Samirə Musayeva maliyyə sanksiyası ilə bağlı deyib: "Sahibkarlıq subyektlərinin qanunsuz əməlləri ilə mübarizə aparmaq, həmçinin nağdsız hesablaşmaları stimullaşdırmaq üçün ötən il qanunvericiliyə edilən dəyişikliklərdən sonra hələ də pərakəndə ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və ya quraşdırıldığı halda istehlakçıya ondan istifadə üçün şərait yaradılmaması hallarına rast gəlirik. Həmin hallara görə sahibkarlıq subyektlərinə maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulub. Bu növ maliyyə sanksiyaları nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatlarının quraşdırılmaması və ya çekin təqdim edilməməsinə görə mövcud olan sanksiyalarla bərabər tutulur".