RUSİYA

BMT Rusiyanın silahlara nəzarətə dair qətnaməsini qəbul edib

Bu hadisə Birləşmiş Ştatların Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxması, bu sazişlə qadağa edilmiş raketləri sınaqdan keçirməsi fonunda baş verib.
Sputnik

BAKI, 13 dekabr — Sputnik. BMT Baş Assambleyası Rusiyanın silahlara nəzarətə dair müqavilələr sisteminin gücləndirilməsi haqqında qətnaməsini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda məlumatı RİA Novosti yayıb.

Ərdoğan NATO sammiti barədə Putinə nə deyib

Bu hadisə Birləşmiş Ştatların Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxması, bu sazişlə qadağa edilmiş raketləri sınaqdan keçirməsi, eləcə də Strateji hücum silahlarının azaldılmasına dair sazişin bəlli olmayan taleyi fonunda baş verib.

Rusiyanın "Silahlara, tərksilaha və silahların yayılmamasına nəzarət haqqında müqavilə və sazişlər sisteminin gücləndirilməsi və inkişafı" adlı qətnaməsi sözügedən sənədlərin bütün müddəalarının üzv dövlətlər tərəfindən tam şəkildə həyata keçirilməsinə çağırır. Bunun qlobal sabitliyə və beynəlxalq təhlükəsizliyə töhfə verdiyi vurğulanır.

ABŞ dekabrın 12-də yerli vaxtla səhər saat 08:30-da (Bakı vaxtı ilə saat 20:30-da) Kaliforniyadakı "Vandenberq" aviabazasında qeyri-nüvə konfiqurasiyalı ballistik raketi sınaqdan keçirib. Bu raket Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair sazişlə qadağan edilir.

Xatırladaq ki, Ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair saziş Birləşmiş Ştatların təşəbbüsü ilə avqustun 2-də qüvvədən düşüb. Bu ilin əvvəlində Vaşinqton sazişdən birtərəfli şəkildə çıxmağa qərar verib və Rusiyanı onun şərtlərini pozmaqda ittiham edib. İyulun əvvəlində Rusiya Prezidenti Vladimir Putin ölkəsinin sazişdə iştirakını dayandırması haqqında qanunu imzalayıb. Rusiya dəfələrlə sözügedən sazişin şərtlərini tam olaraq yerinə yetirdiyini bəyan edib.