Uelslilər AVRO-2020 üçün Bakıda düşərgə axtarışına çıxıblar

Uels və Türkiyə yığmalarından fərqli olaraq İsveçrə komandası düşərgə üçün Romanı seçib, Bakı isə nəqliyyat habı kimi istifadə olunacaq
Sputnik

BAKI, 10 dekabr — Sputnik, Teymur Tuşiyev. Futbol üzrə Uels və İsveçrə milliləri Bakının da ev sahibliyi edəcəyi AVRO-2020 zamanı hansı şəhərlərdə düşərgə salacaqlarını müəyyənləşdiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, Uels futbol komandasının nümayəndələri Azərbaycanın paytaxtını ziyarət edərək, AVRO-2020 müddətində düşərgə salacaqları Bakı otellərinə və stadionlarına baxış keçiriblər. Nümayəndə heyətinə Uels Futbol Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mark Evans, komandanın koordinatoru Amanda Smit və federasiyanın baş katibi Sara Couns daxil olublar.

Səfər zamanı uelslilər AVRO-2020-nin matçlarına meydan sahibliyi edəcək Bakı Olimpiya Stadionuna, o cümlədən Avropa çempionatı zamanı Uels millisi üçün məşq bazası ola biləcək digər arenalara baxış keçiriblər.

Uelslilər AVRO-2020 üçün Bakıda düşərgə axtarışına çıxıblar

Xatırladaq ki, uelslilər AVRO-2020-nin qrup mərhələsi çərçivəsində Bakıda iki oyun keçirəcəklər – onlar iyunun 13-də İsveçrə və iyunun 17-də Türkiyə milliləri ilə qarşılaşacaqlar.

İsveçrəlilər də Uels və Türkiyə komandaları kimi iki matçı Bakıda keçirəcəklər, lakin onlar düşərgə üçün Romanı seçiblər.

İsveçrə millisi iyunun 13-də Bakıda uelslilərlə, sonra isə iyunun 17-də Romada italiyalılarla qarşılaşacaq. İyunun 21-də isə isveçrəlilər Bakıda Türkiyə millisi ilə qarşılaşacaqlar. Bununla bağlı olaraq İsveçrə yığmasının düşərgəsi Romada salınacaq, Bakı isə bir növ nəqliyyat habı olacaq. Romada isveçrəlilər "Sheraton Parco de Medici" otelində yerləşəcəklər, məşqlərini isə "Roma" futbol klubunun stadionunda keçirəcəklər.

İsveçrə komandası Bakıya 2020-ci il iyunun 8-də Sürixdən uçan reyslə gələcək və Uelslə birinci oyundan sonra (iyunun 13-ü) Romaya yola düşəcək. Bakıda düşərgə seçiminə gəldikdə isə isveçrəlilər müvafiq qərarı Uels və Türkiyə millilərinin özləri üçün düşərgə yeri seçmələrindən sonra verəcəklər. İsveçrə futbol federasiyasının yaydığı məlumata görə, qərar bu həftənin sonuna qədər verilməlidir.

Qeyd edək ki, AVRO-2020-nin başlanması ərəfəsində İsveçrə komandası iki yoxlanış oyunu keçirəcək. Birinci oyun mayın 31-i Bazeldə dördqat dünya çempionu Almaniyaya, ikinci oyun isə iyunun 4-ü Lixtenşteynə qarşı keçiriləcək.

Keçən həftə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş də Bakını ziyarət edərək, otellərə və stadionlara baxış keçirib. O, yaxın vaxtlarda Azərbaycanın paytaxtına qayıtmaq və düşərgə üçün yer seçmək niyyətindədir.