Türkiyə Rusiya ilə baş-başa gəlmək istəmir - Ərdoğan Putinlə danışacaq

"Hafter məsələsinin Rusiya ilə münasibətlərdə yeni bir Suriya yaratmasını istəmirik və mən inanıram ki, Rusiya da Hafter mövzusunda tezisini yenidən gözdən keçirəcək"
Sputnik

BAKI, 10 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Liviya məsələsini müzakirə edəcəyini bildirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Putinlə telefon danışığını bu həftə gerçəkləşdirmək istəyirik. Hafter məsələsinin Rusiya ilə münasibətlərdə yeni bir Suriya yaratmasını istəmirik və mən inanıram ki, Rusiya da Hafter mövzusunda tezisini yenidən gözdən keçirəcək. Çünki bunun leqal bir tərəfi yoxdur. Qeyri-leqaldır. Eyni şəkildə verilən dəstəklər də qeyri-qanunidir. Hazırda da vəziyyət yaxşı deyil", - deyə Ərdoğan vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putinin gələn ayın 8-də İstanbula gələcəyini və "Türk Axını" layihəsinin açılışına qatılacaqlarını xatırladan Ərdoğan bu həftə həyata keçirmək istədiyi telefon danışığı zamanı sadəcə Liviya, general Hafter mövzusunu müzakirə etmək niyyətini bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yaxın günlərdə hər iki lider arasında telefon danışığının baş tutacağını təsdiqləyib: “Yaxın günlərdə belə bir telefon danışığı baş tutacaq: O (Putin – red.) hazırlaşır”.