Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 10 dekabr — Sputnik. Bakının Binəqədi rayonu ərazisində "EuroHome" tikinti materialları bazarında baş verən yanğınla əlaqədar olaraq Bakı-Sumqayıt və Bakı-Xırdalan marşrut xətləri üzrə avtobusların hərəkəti bərpa edilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, hərəkət bərpa olunub: "Hazırda həmin istiqamətdə sıxlıq müşahidə olunsa da, sərnişinlərin hərəkəti bərpa edilib. Aidiyyəti qurumlar yanğının baş verdiyi ərazidədirlər".
Qeyd edək ki, bu gün səhər saatlarında DYP-nin Ekoloji Postu ilə üzbəüz yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın baş verib. Hadisə Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətini iflic edib.