CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doqquzuncu mərtəbəyə 48 yaşlı qocanın belində - bilmədik, rekorddur, yoxsa işgəncə - FOTO

Belə təəssürat yaranır ki, lift ustaları mərtəbələri qalxıb-enəndə döşəmədə dayanmaq əvəzinə qapıdan yapışırlar. Yoxsa vaxtını başa vuran liftin əvəzinə qapını niyə dəyişsinlər ki?!
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Oxucularımız müntəzəm olaraq "Bakıya yeni liftlər gətirildi" tipli xəbərlər oxuyurlar. Bu gün-sabah binalarına yeni lift quraşdırılacağı xəyalı ilə yaşayanların isə ümidi qəribə "sürpriz" ucbatından puç olur. 

Məsələn, paytaxtın Qara Qarayev 69 ünvanının sakinləri bir aydır ki, lift üzünə həsrət qalıblar. Binanın ən yaşlı sakinlərinin ünvanladığı müraciətə əsasən Sputnik Azərbaycan vəziyyəti araşdırıb. Sakinlər deyirlər ki, köhnə liftlər çıxarılıb, yeni liftlər gətirilsə də, artıq uzun müddətdir ki, hansısa bir mütəxəssis əraziyə baxış keçirmir. Sakinləri də ən çox narahat edən məsələ elə budur.

Doqquzuncu mərtəbəyə 48 yaşlı qocanın belində - bilmədik, rekorddur, yoxsa işgəncə - FOTO

Xüsusən də yaşlı və uşaqlı olanlar liftsizliyin onlar üçün böyük problemə çevrildiyini deyirlər. Bina sakini, 81 yaşlı Şirzad Mikayılov deyir ki, bununla bağlı  dəfələrlə yığışaraq müxtəlif qurumlara şikayət ünvanlayıblar, lakin onlardan da bir səs çıxmayıb. Yəni sadəcə olaraq vəd veriblər: "Əslində, liftlər 25 ildən bir dəyişilməlidir. 25 il tamam olanda lifti əsaslı olaraq dəyişmədilər. Sadəcə olaraq liftin qapılarını dəyişdilər. Təsəvvür edin, bu liftin artıq 48 yaşı var".

"Yenə gəlib-gedən olsa, bilərik ki, iş gedir. Artıq 10 gündən çoxdur ki, buraya nə gələn var, nə gedən. Mənzil Kommunal İstismar Birliyinə zəng etmişəm, deyirlər ki, yanvarda düzələcək, amma heç bu vədə də inanmıram. 9 mərtəbəli binadır, mən 8-ci mərtəbədə qalıram. Əsa ilə güclə özümü idarə edirəm. Hər gün bu pilləkənləri çıxıb-düşmək bizim üçün işgəncədir. İnanırsız, bir aydır evə düz-əməlli bazarlıq edə bilmirik. Nə bazara gedə bilirik, nə də həyətə düşüb kartof-soğan ala bilirik", - deyə həmsöhbətimiz əlavə edib.

Doqquzuncu mərtəbəyə 48 yaşlı qocanın belində - bilmədik, rekorddur, yoxsa işgəncə - FOTO

İslam İsayev, Rəhilə Mikayılova, Aftandil Bayramov da mövcud vəziyyətdən şikayətçidirlər.

Həmin binada quraşdırılmalı olan liftlər ilə bağlı sualımızı cavablandıran "Wittur" şirkətinin nümayəndəsi Murad Muradov Sputnik Azərbaycan-a açıqlamasında gözlənilmədən bir sürprizlə qarşılaşdıqlarını deyərək, işlərinin ləngimə səbəbini bununla izah edib: "Bəzi detallar çatışmadığı üçün işlərə ara verməli olduq. Bu bizim üçün də sürpriz oldu. Artıq bir neçə günə işlərə başlayacağıq və bu ilin sonuna bina liftlə təmin olunacaq".

Buradan isə belə qənaətə gəlmək olar ki, işlərin öncədən planlaşdırılmamasının, bir növ səhlənkarlığın əziyyətini vətəndaşlar hələ də çəkmək məcburiyyətində qalacaqlar.

Doqquzuncu mərtəbəyə 48 yaşlı qocanın belində - bilmədik, rekorddur, yoxsa işgəncə - FOTO

Bakı Şəhər İcra Hakimiyyətindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, bu liftlər Almaniyadan gətirilib, yaxın günlərdə quraşdırılaraq istifadəyə veriləcək. BŞİH-dən həmçinin qeyd olunub ki, 6 blokdan ibarət olan binaya dörd yeni lift qoyulacaq. Binanın 3 və 4-cü bloklarına 2010-cu ildə yeni liftlər quraşdırıldığı üçün görülən işlər həmin ünvanlara aid olmayacaq.

Xatırladaq ki, biz yeni quraşdırılan və quraşıdırılacaq liftlərlə bağlı bu kimi problemlərin usta və kadr çatışmazlığından qaynaqlanma ehtimalının olub- olmadığını öyrənmək üçün Bakı Lift Təmir İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova sual ünvanlamışdıq. O isə bildirmişdi ki, bu cür liftlərin təmiri ilə məşğul olmaq üçün heç bir kadr çatışmazlığı yoxdur, yeni gələn liftlər yerli mütəxəssislər tərəfindən quraşdırılır. Onun sözlərinə görə, ümumi ustaların sayı 200, liftlərin montajı ilə məşğul olan ustaların sayı isə 100-dür.

Qeyd edək ki, Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, Bakı şəhərində 542 liftin dəyişdirilməsi nəzərdə tutulub. 542 ədəd liftin alınması üçün "Lifttəmir" İstehsalat Birliyi Almaniya istehsalı "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalayıb və hazırda bu liftlərdən 492 ədədi gətirilib. 130-dan çox lift quraşdırılıb və FHN-in mütəxəssisləri tərəfindən istismara qəbul edilib. Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır. Bakı şəhərinin lift təsərrüfatını inkişaf etdirmək üçün ümumilikdə 32 milyon manat vəsait ayrılıb.