CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollar yanğına görə bağlanıb, polisdən ALTERNATİV TƏKLİF

"Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Mağtağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsinlər"
Sputnik

BAKI, 10 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, səhər saatlarında "Eurohome" Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O qeyd edib ki, yanğınla bağlı sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir.

"Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədəuyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur. Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Mağtağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsinlər", - deyə V. Əsədov əlavə edib.

Onun sözlərinə görə, Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib: "Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər. Məhdudiyyət tam yanğın söndürülənə qədər davam edəcək".