CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanuna tabe olmayanlar: Həyatımızı qorumalı olanlar ömrümüzə qənimə çevriliblər

Qanunun verdiyi imtiyazlardan gərəksiz istifadə edirlər: Onlar elə bilirlər ki, qanun hamı üçün bərabər deyil
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. Son zamanlar operativ nəqliyyat vasitələrinin yollarda ciddi qanun pozuntularına yol verməsi halları ilə qarşılaşırıq. Bəzən yol polisi, təcili yardım, yanğından mühafizə avtomobilləri, inkassatorları daşıyan maşınlar sayrışan işıqları və səs siqnallarını qoşmadan yollarda istədikləri kimi hərəkət edirlər. Bu isə həyatımızı qorumalı və xilas etməli olanların günahı ucbatından qəzaların baş verməsinə zəmin yaradır.

Yanğınsöndürən maşınlar yanğın bölgəsinə daxil ola bilmir

Bəs, operativ nəqliyyat vasitələri qaydaları nə zaman poza bilər?

Nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təcili yardım, polis, inkassator avtomobilləri "Yol hərəkəti haqqında" qanunun tələblərindən kənara çıxa bilərlər. Ancaq qanunda da qeyd edilir ki, bu avtomobillərin sürücüləri təhlükəsizliyi təmin etməklə qaydaları poza bilərlər.

Təhlükəsizliyi təmin etməklə deyəndə isə sayrışan işıqlar və səs siqnallarından istifadə etmək nəzərdə tutulur.

"Sayrışan işıqlardan istifadə etmədən yol hərəkəti qaydalarını pozmaq olmaz. Çünki qanunda da qeyd edilir ki, operativ nəqliyyat vasitəsinin sürücüsü səs siqnalları və sayrışan işıqlardan istifadə edərək, qaydaları poza bilər. Yəni xüsusi nəqliyyat vasitəsi tərəfindən qaydalar hər iki şərt həyata keçirildiyi təqdirdə pozula bilər", – deyə E.Muradlı qeyd edib.

Onun sözlərinə görə, vətəndaşlar daha çox polisin fəaliyyəti ilə bağlı şikayət edir. Bildirilir ki, polis sayrışan işıqları və səs siqnalını qoşmadan qaydaları pozur: "Onlar da bu qayda pozuntusunu səs siqnallarının xarab olması ilə bağlayaraq, izahat yazırlar. Amma son zamanlar bu “xarab olmaya” görə nə qədər polis avtomobilinin yol hərəkəti hadisəsinə səbəb olduğunun şahid oluruq".

E.Muradlı həmçinin qeyd edib ki, təcili yardım avtomobilləri də son zamanlar qaydaları kobud şəkildə pozur: "Bu avtomobillərin sürücüləri ya sayrışandan işıqdan istifadə edib səs siqnalından istifadə etmir, ya da bir dəfə səs siqnalı verərək, qaydaları istədikləri kimi poza biləcəklərini düşünürlər. Dəfələrlə təcili yardım avtomobilləri belə qayda pozuntularına görə saxlanılıb və onlar çağırışa getdiklərini sübut edə bilməyiblər. Bu səbəbdən də onların cərimələri qüvvədə qalır. Çünki zərurət olmadan qayda pozurlar".

Ekspert vurğulayıb ki, polis avtomobillərinin qayda pozan sürücülərinə də protokollar tərtib edilir. Onlar hadisə yerinə tələsdiyini sübut edə bilmədikləri zaman cərimə edilirlər: "Son zamanlar 30-40 belə əməkdaş cərimə edilib. Zərurət olmadan qayda pozulursa, inspektorlara cərimə tətbiq edilir. Yanğından Mühafizə avtomobilləri ilə də vəziyyət eynidir. Düzdür, onlar yollarda az olur, yol hərəkəti hadisələrinə çox az qarışır".

"Günəşli" yatağındakı yanğınsöndürən gəminin komandiri vəfat edib

Onun sözlərinə görə, inkassator avtomobilləri də yollarda ciddi qanun pozuntularına yol verirlər. Məsələn, belə avtomobillərin şüşələrinin qara plyonka ilə örtülməsi qanunsuzdur.

"O zaman belə çıxır ki, polis və ya təcili yardım da qara plyonka vursun. Sanki bəzi inkassator avtomobillərinin sürücüləri üçün qanun yoxdur. Bütün bunlar nəzərə alınmalıdır", – deyə o vurğulayıb.

Xatırladaq ki, "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsində verilən əsas anlayışlara görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.