BAKI, 9 dekabr — Sputnik. 2019-cu ildə baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.
Sputnik Azərbaycan AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda qeyd olunub ki, dekabr ayının 26-da Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması başlanacaq və 12:06-da yekunlaşacaq.
Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.
Qeyd edək ki, hazırda Günəş fəallığı çox aşağı səviyyədədir. Günəş diski ləkəsizdir.
9-11 dekabr müddətində Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Həmin dövrdə geomaqnit sahədə ümumən sakitlik davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı 9 dekabr tarixində 5%-dən, 10 və 11 dekabr tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.