Üç ölkənin birgə hərbi təlim keçirməsi məsələsinə aydınlıq gətirildi

Müdafiə Nazirliyi: Azərbaycanın Türkiyə və Qətər birgə hərbi təlimlərinin keçirilməsi planda yoxdur.
Sputnik

BAKI, 9 dekabr - Sputnik. Müdafiə Nazirliyi (MN) Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Nazirliyin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ilk olaraq səsləndirilib.

"Eyni zamanda onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”, - deyə məlumatda qeyd olunub.