Milli Məclisin 03 dekabr 2019-cu il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) dəyişikliklər qəbul edilib. Dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq.
Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda tibbi sığortanın tam şəkildə tətbiq edilməsinə əngəl olan müəyyən problemlər var: “Sistemin doğru şəkildə fəaliyyət göstərməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığorta şirkətlərinin təcrübələrindən istifadə etməlidir. Ancaq tibbi sığorta ilə bağlı yaradılmış qurum bu məsələ ilə bağlı bütün işləri öz üzərinə götürüb. İcbari tibbi sığorta bizim ölkəmiz üçün çox aktualdır. Bu, aztəminatlı ailələrin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi üçün çox ideal bir sistemdir”.
Qeyd edək ki, 2018-ci ilin dekabr ayında ölkə başçısı respublikada İTS-nin tətbiqinin təmin edilməsi məqsədilə Agentliyin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz