MƏDƏNİYYƏT

Üç azərbaycanlı Nyu-York küçələrində doğma dildə oxudu - VİDEO

Rizvan Əliyev, Röya Miriyeva və Orxan Zeynallının layihəsini sosial şəbəkə istifadəçiləri çox bəyəniblər
Sputnik

BAKI, 6 dekabr — Sputnik, Kəmalə Əliyeva. Amerika Birləşmiş Ştatlarına köçən üç azərbaycanlı müğənni - Rizvan Əliyev, Röya Miriyeva və Orxan Zeynallı bir araya gələrək mahnı oxuyublar.

Sputnik Azərbaycan bildirir ki, onlar O.Zeynallının xaricdə yaşayan soydaşlarımıza həsr etdiyi sonuncu mahnılarından olan "40-cı paralel" bəstəsini seçiblər.  Bir vaxtlar həmin mahnının studiyada yazılmasında Röya iştirak edib, bu dəfə isə üç müğənni mahnının akustik versiyasını Nyu-Yorkda oxumağa qərar verib.

Onların birgə layihəsini sosial şəbəkə istifadəçiləri xeyli bəyənib və vokalçılardan birgə layihələri davam etdirmələrini istəyiblər.

Qeyd edək ki, Orxan Zeynallı keçmiş H.O.S.T. qrupunun üzvü olub. Qrup dağılandan sonra o, bir müddət Bakıda solo karyerasını davam etdirsə də, sonradan ABŞ-a köçüb.

Rizvan Əliyevlə Röya Miriyeva isə 2010-cu ildən birgə çıxış edirlər. Gənc musiqiçilər artıq bir neçə ildir ki, müxtəlif ölkələri gəzərək özlərinin "Street cover" layihələri çərçivəsində küçələrdə Azərbaycan mahnılarını ifa edirlər. Bir neçə ay əvvəl "qrin-kart" qazanan cütlük ABŞ-a köçüb.