CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Nəsimi İli"nə layiqli töhfə - millət vəkili ağacəkmə kampaniyasından danışır

Milli Məclisin deputatı Sahib Alıyev deyir ki, 650 min ağacın əkilməsi Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə xidmət edir
Sputnik

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü hər baxımdan alqışa layiqdir. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

“Bu təşəbbüs təkcə böyük Azərbaycan şairi və mütəfəkkirinin xatirəsinə ehtiram deyil, həm də onun ruhuna duadır. Bu qədər ağac əkilməsi öz kökünə hörmətlə yanaşı, həm də mənəvi sağlamlıq göstəricisidir. Digər tərəfdən, ağac əkmək, böyütmək ekoloji tarazlığın qorunmasına xidmət edir. Ağacların təbiətdə oynadığı rolu hər kəs yaxşı bilir. Azərbaycan xalqı mütəfəkkir şairi ilə fəxr edir və onun xatirəsinə 650 min ağacın əkilməsi Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, eləcə də Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasına xidmət edir”, – deyə S.Alıyev vurğulayıb.

Bu gün, dekabrın 6-da ölkə üzrə ağacəkmə kampaniyasına start verilir.