CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "Pompey" təhlükəsi – Hər an baş verə biləcək faciə ilə üz-üzəyik

"Keyrəki" vulkanı Abşeron yarımadasında yerləşən aktiv vukanlardan sayılır. Amma vulkanın ətrafı əməlli-başlı yaşayış massivinə çevrilib. Vulkan dağının ətəyində salınan yaşayış massivi günü-gündən böyüyür
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Gələn ildən Azərbaycanda palçıq vulkanları kompleksi yaradılacaq. Bu, Azərbaycana gələn turistlərə ölkəmizdəki palçıq vulkanları barədə ətraflı məlumat vermək, vulkanlardan turizm üçün istifadə etmək məqsədi daşıyır.

Azərbaycanda palçıq vulkanları kompleksinin tikilməsi ideyası yaransa da, hazırda bəzi vulkan ərazilərinin ciddi mühafizəsinə ehtiyac var. Sputnik Azərbaycan belə vulkan ərazilərindən birində - "Keyrəki" vulkanında real vəziyyəti öyrənib.

7-ci Binəqədi şosesinə yaxın ərazidə yerləşən "Keyrəki" vulkanı Abşeron yarımadasında yerləşən aktiv vulkanlardan sayılır. Amma vulkanın ətrafı əməlli-başlı yaşayış massivinə çevrilib. Vulkan dağının ətəyində salınan yaşayış massivi günü-gündən böyüyür. Sakinlər ərazidə yaşamağın onların həyatı üçün təhlükə olduğunu təsdiq etsələr də, Binəqədi qəsəbəsi ərazisində belə ucuz qiymətə torpaq tapmağın mümkün olmadığını da söyləyirlər.

Bakıda "Pompey" təhlükəsi – Hər an baş verə biləcək faciə ilə üz-üzəyik

Ərazidə yaşayan sakin Könül Səfərova deyir ki, vulkan dağının yaxınlığında yaşamağın həyatları üçün təhlükə olduğunu anlayırlar. Amma Binəqədi ərazisində ən ucuz torpaq məhz bu ünvanda satıldığından, burada ev tikməyə məcbur olublar: "Buraya gələn hər kəs bizi qınayır ki, könüllü şəkildə təhlükənin bir addımlığında yaşayırsınız. Amma heç kəs demir ki, bura təhlükəli ərazi olubsa, bəs torpağı camaata niyə satıblar? Düzdür, burada yaşayanların çoxu məcburi köçkünlərdir. Amma aralarında rayonlardan gələnlər də az deyil. Vaxtilə burada torpağın bir sotunu 500 manata satırdılar. Biz də həmin vaxt torpaq almışıq. İndi də öz həyətindən torpaq satan var. Qiyməti isə yerinə görə dəyişir – 2500-4000 manat arası. İllərdir ki, camaat burada özünə yurd salıb. Bircə narazılığımız yolların vəziyyətindəndir. Vulkanın püskürməsi isə Allahın işidir".

Vulkan ərazisində yaşayan sakin deyir ki, son iki ilə yaxındır "Keyrəki" vulkanı püskürmür: "Əvvəllər burada tikinti işləri sürətlə aparılırdı. Gəlib camaata tapşırdılar ki, tikintilərin aparılması vulkanı aktivləşdirir. İndi yuxarıda tikintinin aparılmasına icazə verilmir. Ancaq aşağı hissələrdə evlər tikilir. Biz artıq çoxlarının təhlükə hesab etdiyi bu ərazidə yaşamağa öyrəşmişik".

Sakinlərin çoxu vulkanın təhlükəsi olmadığını söyləsə də, ərazidə yaşayanlar arasında narahatlıq keçirənlər də var. Evi vulkan dağının ətəyində yerləşən sakinlər evlərinə qazın dolduğunu bildirdilər. Sakinlərin sözlərinə görə, qapı-pəncərə bağlı olanda evdən qaz iyi gəlir: "Yerin altında çatlardan vulkana yaxın yerləşən evlərə qaz dolur. Bu, təhlükəli həddə olmasa da, evdən çıxanda pəncərəni açıq qoyuruq ki, evə qaz dolmasın".

Bakıda "Pompey" təhlükəsi – Hər an baş verə biləcək faciə ilə üz-üzəyik

Sakinlər deyirlər ki, "Keyrəki" vulkanı turizm baxımından əhəmiyyətli olsa da, vulkana baxmaq üçün əraziyə turist axını müşahidə olunmur. Buna səbəb kimi isə yolların abad olmadığını əsas gətirirlər.

Qeyd edək ki, "Keyrəki" vulkanının yerləşdiyi dağın aşağı ətəklərində böyük bir yaşayış massivi salınmasına baxmayaraq, burada yolların vəziyyəti həqiqətən bərbad haldadır. Odur ki, ərazidə yaşayanların bir qismi yol kimi iri su borularının üzəri ilə hərəkət edirlər. Yağış yağan kimi isə yolda avtomobillər batır. Ərazidə olarkən "Keyrəki" vulkanın ətrafının xeyli böyüdüyü də diqqətimizdən yayınmır. Sakinlərlə söhbət zamanı öyrənirik ki, onlara tikintinin aparılmaması barədə xəbərdarlıq da paylanılıb.

Bakıda "Pompey" təhlükəsi – Hər an baş verə biləcək faciə ilə üz-üzəyik

Binəqədi rayon, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq vulkan ərazisində tikinti işləri dayandırılıb. “Keyrəki” vulkanının ümumi ərazisi təxmini 32 hektardır. Krater isə 2 hektar ərazini əhatə edir. Onun sözlərinə görə, vulkan sonuncu dəfə 2017-ci ildə püskürüb. Amma bununla belə, “Keyrəki” aktiv vulkanlar siyahısındadır: "Bakı-Abşeron yarımadası Palçıq Vulkanları İdarəsinin əməkdaşları ilə birlikdə sözügedən ərazidə yaşayan ailələrə 500-dən çox xəbərdarlıq məktubu paylanılıb, palçıq vulkanı püskürəcəyi təqdirdə hansı ilkin addımların atılmalı olduğuna dair məlumat xarakterli söhbətlər aparılıb, lövhələr yerləşdirilib. Hazırda müdafiə xarakterli olaraq, vulkanın öz radiusundan əlavə 7 hektar ərazi də tərəfimizdən nəzarətdə saxlanılır və hər hansı bir tikilinin getməsinə icazə verilmir. Ötən illərdə özbaşına tikilmiş 6 ev sökülüb, 2 vaqon ərazidən kənarlaşdırılıb. Elektrik naqilləri üçün nəzərdə tutulan dirəklər də aidiyyatı qurumun əməkdaşları vasitəsilə ərazidən götürülüb. Ətrafdakı evlər siyahıya alınıb. Hazırda təxminən orada 65-70 ev təsərrüfatı mövcuddur. Bundan əlavə, dağ boyu 2 km məsafədə xəndək qazılıb və evlərin tam mühafizəsi təmin olunub. Təbii ki, vulkan ərazisi mütəmadi diqqətimizdədir və hər hansı özbaşına tikilinin getməsinə birmənalı icazə yoxdur. 63 ev vulkana yaxın olsa da, ümumilikdə ərazidə 125 ev tikilib".

Qeyd edək ki, Azərbaycan palçıq vulkanlarının sayına görə, dünyada məşhurdur. Yer kürəsində məlum olan bütün palçıq vulkanların 350-yə yaxını (dünyadakı bütün belə vulkanların 45 faizi) Azərbaycanda yerləşir. Bunlardan 150-yə yaxını dənizdədir. Ölkədə olan palçıq vulkanlarının 60 faizi aktiv vulkan hesab edilir. Bu siyahıya Binəqədi rayonu ərazisində yerləşən "Keyrəki" vulkanı da daxildir.