SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?

"Biz NATO-nun təhlükəsizlik təhdidlərinə necə ciddi yanaşırıqsa, bütün tərəfdaşlar da bizim təhlükəsizlik problemimizə ciddi yanaşmalıdırlar"
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Türkiyə Polşa, Fransa və Almaniya, həmçinin Alyansın Baş katibinin xahişi ilə Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə Planı təsdiq edib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Siz Polşa və Baltikyanı ölkələr haqqında bilirsiniz. Biz bu addımı ötən gün axşam atdıq. Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Polşa prezidenti bizə dəstək üçün müraciət etdilər. Dostlarımla görüşdən sonra biz "hə" dedik, lakin Alyansdan da bizim terrorla mübarizəmizə eyni dəstəyi görürük. Çox təəssüf ki, NATO ölkələri yalnız buna hazır olduqlarını sözdə deyirlər", - deyə Ərdoğan vurğulayıb.

O bildirib ki, Türkiyənin NATO üzrə bəzi tərəfdaşları terror təşkilatları ilə əlbirdir: "Biz NATO-nun təhlükəsizlik təhdidlərinə necə ciddi yanaşırıqsa, bütün tərəfdaşlar da bizim təhlükəsizlik problemimizə ciddi yanaşmalıdırlar".

"Ölü beyin"lə yubiley: Rusiya NATO-dakı fikir ayrılığından qalib çıxa biləcəkmi?

Xatırladaq ki, daha əvvəl rəsmi Ankara NATO-dakı təmsilçisindən Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə Planı imzalamamağı tələb etmişdi.

Türkiyə NATO-nun kürdlərin özünümüdafiə dəstələrini (YPG) rəsmi olaraq tanımadığı üçün belə bir qərar qəbul etmişdi.

"Reuters" agentliyinin mənbələri qeyd ediblər ki, Ankaranın nümayəndəsi həm görüş, həm də şəxsi söhbətləri zamanı qəti şəkildə bu mövqedən çıxış etməli, Alyansdan rəsmi olaraq "YPG"-ni terror təşkilatı kimi tanımağı tələb etməlidir.

Türkiyə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi məsələ ilə bağlı agentliyin sorğusuna cavab verməyib.

Qeyd edək ki, NATO təmsilçiləri Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə Planın Alyansa üzv 29 ölkə tərəfindən rəsmi olaraq təsdiqlənməsini istəyib. Türkiyənin razılığı olmadan isə NATO Polşa və Baltikyanı ölkələrdə öz müdafiəsini möhkəmləndirməyə çətinlik çəkir.

"Onlar (türklər) hərbi planın təsdiqlənməsini blok etməklə şərqi avropalıları girov götürürlər", - deyə mənbələrdən biri nəşrə bildirib.

İkinci mənbə isə Türkiyənin addımlarını "dağıdıcı" adlandırıb.