"Saxla, düşürəm!" - təyyarədə insident

"Onu tutub vurmağa hazırlaşırdım. Amma bu dəm stüardessa da işarə etdi ki, deyəsən, onun ağlı yerində deyil"
Sputnik

BAKI, 5 dekabr — Sputnik. "British Airways" aviaşirkətinə məxsus təyyarədə insident yaşanıb. Panikaya düşən sərnişini sakitləşdirmək üçün yol yoldaşları və stüardessalar "tər tökməli" olublar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "The Guardian" yazıb.

Hadisə dekabrın 2-də Londondan Ər-Riyada uçan təyyarədə baş verib. Təyyarə enməyə hazırlaşarkən qəfildən sərnişinlərdən biri yerindən qalxıb və "mən çıxmaq istəyirəm" bağırtıları ilə quyruq hissədəki qəza çıxışının qapısını açmağa çalışıb.

Təsadüfən sərnişinlər arasında britaniyalı boksçu Dillan Uaytın qardaşı Din olub. 

"Elə bil, kinoda idik. Onu tutub vurmağa hazırlaşırdım. Amma bu dəm stüardessa da işarə etdi ki, deyəsən, onun ağlı yerində deyil. Ona görə də sadəcə tutub saxladım və sakitləşdirməyə çalışdım. Nəhayət, alındı", - boyu iki metrə çatan Din Uayt bildirib.

Aviaşirkətdən məlumatı təsdiqləyərək bildiriblər ki, həmin sərnişin digərləri üçün təhlükə törətməyib. Həmçinin əlavə ediblər ki, stüardlar uçuşun sonunadək panika keçirən kişinin yanında qalaraq hadisənin təkrarlanmasına yol verməyiblər.