BAKI, 5 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və Kanada Baş naziri Castin Trüdo NATO sammiti zamanı baş verən qalmaqalı şərh edib. Sputnik Azərbaycan xəbər verir ki, Tramp məsələ ilə bağlı "Twitter"-də şərh yazıb.
Qeyd edək ki, daha əvvəl yayılan videoda Londonda keçirilən sammit zamanı NATO ölkələrinin liderləri ABŞ Prezidentinə gülürlər. Görüntülərdən məlum olur ki, Trüdo, Böyük Britaniya Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron Ağ Ev rəhbər barədə zarafat edirlər.
"O, çıxış edərkən onun komandasının üzvlərinin çənəsini necə yerə düşdüyünü gördünüz?", - deyə kanadalı siyasətçi bildirib.
Bundan sonra ABŞ Prezidenti Castin Trüdonu "ikiüzlü" adlandırıb. Kanada Baş naziri isə məsələ ilə bağlı üzr istəməkdən imtina edib. Lakin o, bəyan edib ki, bu zarafat "Böyük Yedilik"-in 2020-ci ildə keçiriləcəyi yerin gözlənilmədən elan olunması ilə bağlı olub. Dekabrın 3-ü məlum olub ki, sammit Trampın şəhərkənarı iqamətgahı hesab edilən Kemp-Deviddə keçiriləcək.
"Feyk KİV mənim Londona, NATO sammitinə uğurlu səfərimi mahiyyətini azaltmaq üçün mümkün olan hər şeyi edirlər. Mənim NATO liderləri ilə çox yaxşı danışıqlarım oldu. Hətta onları bir il ərzində daha 130 milyard dollar və 3 il ərzində daha 400 milyard dollar ödəməyə məcbur etdim. ABŞ üçün xərclərin artımı olmayacaq. Yalnız dərin hörmət", - deyə Tramp öz "Twitter" səhifəsində yazıb.