CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabineti Azərbaycanda bayram günləri ilə bağlı qərar verib

Nazirlər Kabineti Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyinin təmin edilməsi barədə qərarın izahını açıqlayıb, 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam verib.
Sputnik

BAKI, 5 dekabr — Sputnik. Nazirlər Kabineti Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyinin təmin edilməsi barədə qərarın izahını açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə, Nazirlər Kabinetinin 461 №-li qərarında bildirilir.

Qərarda qeyd olunur ki, "İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin".

Bu Qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq. Bu Qərar, bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır.

İstirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarın 1 ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır.

Nazirlər Kabineti bundan əlavə, 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam da verib. Sərəncama əsasən martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı münasibətilə 5 gün qeyri-iş günü müəyyənləşdirib. Bu Sərəncamın da əvvəldən elan edilməsi vətəndaşların bayram günlərini səmərəli planlaşdırmasına xidmət edir.

Sərəncamla mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.