RUSİYA

Azərbaycanlı müğənni Moskvanın iri qastromarketində hər kəsi ətrafına toplayıb - VİDEO

Azərbaycanlı müğənni Aysel Məmmədova Moskvadakı iri qastromarketlərdən birində konsert proqramı ilə çıxış edərək yeni və köhnə kompozisiyaları ifa edib.
Sputnik

BAKI, 4 dekabr — Sputnik. Azərbaycanlı müğənni Aysel Məmmədova Moskvadakı iri qastromarketlərdən birində konsert proqramı ilə çıxış edib.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a müğənni özü verib.

Bu günlərdə o, Rusiyada həyata keçirilən "Pleylist#Mosartost" layihəsinin qaliblər siyahısına daxil olub. Bu layihənin şərtlərinə görə, onun iştirakçıları qış və yay mövsümündə parklar, marketlər və şəhərin müxtəlif yerlərində konsertlər verirlər.

Məmmədova moskvalı tamaşaçılara təkcə özünün yeni mahnılarını deyil, həm də müxtəlif janrlarda olan köhnə kompozisiyaları da ifa edib. Marketin ziyarətçilərinin dediyinə görə, onlar Məmmədovanın çıxışından zövq alıblar və onun ifasını saatlarla dinləməyə hazırdırlar.

Aysel Məmmədova 1989-cu ildə Bakıda anadan olub. Uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Beynəlxalq caz və musiqi festivallarının iştirakçısı olub. Müğənni həmçinin Bakıda keçirilən "Jara" festivalında rusiyalı ulduzlarla birlikdə çıxış edib.

O, "Avroviziya-2018" müsabiqəsində "X my heart" mahnısı ilə ölkəmizi təmsil etsə də, finala keçə bilməyib. "Novaya volna" (Yeni dalğa) müsabiqəsində isə səkkizinci yeri tutub. Hazırda Məmmədova solo karyerasını davam etdirir.