CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gedin bozbaşınızı bişirin!" - Müasir olmaq niyə təhlükəlidir?

"Bədənimiz ölü, cansız qidaları həzm edə bilmir və müəyyən zamandan sonra artıq çəki və ya xəstəlik anbarına çevrilir" - dietoloq Aynurə Əliyeva
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Son illər hazır qida reklamlarının artması bütün dünyada qidalanma vərdişlərini mənfi istiqamətdə dəyişib. Asan bişən, dəyişik dadlar verən hazır qidalar uşaqların və yetkinlərin daha çox xoşuna gəlir. Təbii ki, şüuraltına təsir edən reklam növlərinin istifadə edilməsi fərqində olmadan insanları bu məhsulları almağa məcbur edir.

Zəhərlənməmək üçün fransızsayağı olmağı bacarmalıyıq

Ümumdünya Sağlamlıq Təşkilatının hesablamalarına görə, son illər hazır qidaların çeşidinin çoxalması xərçəng xəstəliyinin də artmasına səbəb olub. Onların tərkibində olan qatqı maddələri və qoruyucular sağlamlığa zərər verməklə yanaşı, köklüyə də səbəb olur.

Dietoloq Aynurə Əliyevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazır qidaların molekullarıyla oynandığı üçün belə qidalar ölü qida hesab edilir: "Belə qidaları daha çox uşaqlar istehlak edirlər. Pasterizə edilmiş süd, hazır hamburger, hazır şorba və digər hazır qidalar nəinki uşaqların, eləcə də böyüklərin sağlamlığı üçün zərərlidir. Bizim orqanizmimiz təbii, canlı qidalarla qidalanma quruluşuna malikdir. Bədənimiz ölü, cansız qidaları həzm edə bilmir və müəyyən zamandan sonra artıq çəki və ya xəstəlik anbarına çevrilir. Hazır qidaların tərkibində olan qatqı maddələrini həzm etmək üçün sərf edilən enerji bədəndə hormon tarazlığını pozur və xəstəliklərin yaranmasına səbəb olur. Bununla yanaşı, insan ehtiyacı olan qidanı ala bilmədiyi üçün bir müddət sonra yenidən acır".

O qeyd edib ki, pomidor sousu, bibər sousu, turşu, ketçup kimi qidalar ev şəraitində hazırlansa, daha yaxşı olar.

"Çünki mağazalarda satılan hazır qidaların istifadə tarixi nə qədər çoxdursa, tərkibində olan qatqı maddələri bir o qədər çoxdur. Qatıq, süd, yoqurt ev şəraitində hazırlanarsa, uşaq üçün daha xeyirlidir. Hazır bulyonları istifadə etmək yerinə evdə ət, toyuq və balıq bulyonu hazırlamaq həm öz sağlamlığınız, həm də uşaqlarınız üçün çox xeyirlidir. Hazır qidalar insanların qaraciyərini, mədəaltı vəzini və mədə-bağırsaq sistemini sıradan çıxarır", - deyə dietoloq bildirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ökədə qidanın təhlükəsizliyinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir: "Ancaq Agentlik, əsasnaməsinə görə, məhsulların keyfiyyətinə nəzarət etmir. Qurum sübut edir ki, bunlar təhlükəli deyil, yəni bu məhsulları insan yeyərsə, ölməz. Əlbəttə, istehlakçı bilməlidir ki, bu məhsul aylarla qalıbsa, qurudulubsa, ondan uzaq olmalıdır. İstehlakçı məhsul alarkən onun yararlılıq tarixinə, saxlanma şəraitinə də diqqət etməlidir".

E.Hüseynovun sözlərinə görə, hazır qidaların tərkibi istehlakçılar üçün təhlükəli deyil, arzuolunmazdır.