CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Bakıda toplaşdılar: yeni mərkəz yaradılacaq

"2018-ci ildə İƏT ölkələri arasında ticarət dövriyyəsi 4 mlrd.  ABŞ dollarından çox olub, lakin bu göstərici artırılmalıdır və bunun üçün böyük imkanlar var" - İnam Kərimov
Sputnik

BAKI, 4 dekabr - Sputnik. Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edərək bildirib ki, Azərbaycan ilə İƏT-ə üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollardan çoxdur. Azərbaycan İƏT-i regional əməkdaşlığın vacib platforması hesab edir. İƏT ölkələri Azərbaycanla bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq yaradıb.

Azərbaycanlı nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi İƏT-ə üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüb:

“Mərkəzin fəaliyyəti ilə bağlı sənədin layihəsi artıq yerli qurumlar və üzv ölkələrlə razılaşdırılıb. Əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində İƏT-ə üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır”.

Nazir bildirib ki, üzv ölkələr ticarət dövriyyəsini artırmalıdır: “2018-ci ildə İƏT ölkələri arasında ticarət dövriyyəsi 4 mlrd.  ABŞ dollarından çox olub, lakin bu göstərici artırılmalıdır və bunun üçün böyük imkanlar var”.

O qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində mühüm işlər aparılır: “Bu ilin 9 ayı ərzində aqrar sektorun inkişafı 7% təşkil edib. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, son 15 ildə ölkə iqtisadiyyatı 3 dəfə artıb”.