BAKI, 4 dekabr — Sputnik, Teymur Tuşiyev. Çərşənbə günü, dekabrın 4-ü, Bakı vaxtı ilə saat 17:00-da futbol üzrə 2020-ci il Avropa çempionatının matçları üçün bilet satışının ikinci mərhələsi başlayacaq.
Sputnik Azərbaycan xəbər verir ki, AVRO-2020-nin final mərhələsinə çıxmış 20 milli komandanın azarkeşləri gələcək matçlara bilet almaq üçün EURO2020.com saytında öz müraciətlərini təqdim edə biləcəklər. Biletlərin satışı 2019-cu il dekabrın 18-də Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq.
Bakıda baş tutacaq "A" qrupu matçlarının biletləri ən aşağı qiymət kateqoriyasındadır və onların qiymətləri 30 avrodan (56,5 manatdan) başlayır. Bu kateqoriyaya həmçinin Buxarest və Budapeştdə keçiriləcək qarşılaşmaların da biletləri daxildir. Başqa ölkələrdə biletlərin ən ucuz qiyməti 50 avrodur (94,2 manat).
Bakıda oynayacaq hər milli komandanın (Türkiyə, Uels, İsveçrə) azarkeşləri üçün 20 min bilet ayrılıb. Qalan biletləri başqa ölkələrdən olan neytral azarkeşlər ala biləcəklər.
Bununla yanaşı, Bakıda dörddə bir final oyununu oynayacaq hər millinin azarkeşləri üçün 12 min bilet ayrılacaq. Bu sayda bilet AVRO-2020-nin digər dörddə bir finalçılarının azarkeşləri arasında bölüşdürüləcək.
AVRO-2020-nin qrup mərhələsinin matç cədvəli aşağıdakı kimidir:
Uels – İsveçrə (13 iyun)
Türkiyə – Uels (17 iyun)
İsveçrə – Türkiyə (21 iyun)
"A" qrupunda olan İtaliya komandası isə AVRO-2020-nin qrup mərhələsində bütün oyunlarını Romada keçirəcək. İtaliya millisinin və rəqib komandanın hərəsinin azarkeşləri üçün 24 min bilet ayrılacaq.
Bakıdakı dörddə bir final iyulun 4-ü baş tutacaq.
Xatırladaq ki, satışın ilk mərhələsində ölkəsindən asılı olmayaraq azarkeşlər bilet almaq üçün 12 iyun - 1 iyul 2019-cu tarixlərində müraciətlərini göndəriblər. Həmin vaxt 1,5 milyon bilet təklif edən təşkilatçılar 19,3 milyon müraciət alıblar. Ümumilikdə, turnirin matçları üçün üç milyondan çox bilet satılacaq ki, bunun 82 faizi azarkeşlər üçün nəzərdə tutulub.