Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 4 dekabr — Sputnik. Azərbaycanda magistratura və doktoranturaya qəbulla bağlı bir sıra yeniliklərin tətbiqi təklif olunur. Doktoranturaya yeniliklərdən biri, qəbul zamanı xarici dil üzrə beynəlxalq sertifikatlara malik olanların, dil üzrə qəbul imtahanından azad edilməsi ilə bağlıdır. Nəzərdə tutulan digər yenilik isə magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə əlaqədardır. Magistraturaya qəbul imtahanlarında əksər ixtisaslar üzrə qəbulun birmərhələli keçirilməsi, eləcədə bu səviyyədə qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması təklif edilir.
Bəs görəsən magistraturaya və doktoranturaya qəbulla bağlı təklif edilən dəyişikliklərdən hansıların həyata keçirilməsi daha məqsədəuyğundur?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, magistraturaya qəbulun birmərhələli olması təklifi üzərində düşünülməlidir: "On ildən çoxdur ki, magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir. İki mərhələnin cəmində toplanılan maksimum bal 150-dir. 100 bal birinci mərhələdən, 50 bal 2-ci mərhələdən toplanılmalıdır. DİM-in II mərhələni, yəni bakalavrların ixtisas bilgilərininin yoxlanıldığı hissəni ləğv edib, ancaq bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanıldığı və əlavə olaraq GMAT (Graduate Management Admission Test) əlavə olunub. Bu imtahanlar fevral ayında yox, bir mərhələdən ibarət olaraq may ayında keçiriləcək. Bu beynəlxalq təcrübədə də var. Amerika Birləşmiş Ştatlarında magistr (MBA) və iqtisadiyyat üzrə doktorantura dərəcələrində təhsil almaq istəyənlər GMAT imtahanından keçməlidir. Amma bizim ali təhsil müəssisələrində ixtisasları üzrə normal tədris həyata keçirilmir, o ki, qaldı GMAT üzrə olsun. İkincisi də, bu bakalavrları hazırlıq kurslarına, repetitorluğa yönəltməkdir. Ali təhsil müəssisələrində tədris olunmayan, öyrədilməyən, verilməyən bilik və bacarıqlardan imtahan keçirmək fəsad yarada bilər. Onsuzda 3 il əvvəl ilə müqayisədə magistr təhsili almaq istəyənlərin sayı 50 faiz azalıb, insanlarda kütləvi şəkildə xarici ölkələrdə təhsil almağa gedir.
K. Əsədov deyir ki, elmə gələn gənclərin sayı kəskin şəkildə azaldığı ərəfədə bir mərhələdən digərinə keçiddə maneələr, əmək haqqının azlığı ilə bağlıdır: "Bakalavrların təhsil aldığı müddətdə əldə etdikləri nəticələrin, ortalama balın magistr imtahanında nəzərə alınması yaxşı hal olar. Amma etiraf edək ki, bəzi hallarda o qiymətlər obyektivliyi əks etdirmir. Hesab edirəm ki, magistr imtahanları sadələşdirilməlidir, yalnız ixtisas və xarici dildən imtahan keçirilməlidir. Məntiqdən ona görə imtahan olmamalıdır ki, hal-hazırda imtahanda istifadə olunan məntiq test tapşırığı bakalavrların məntiqi düşüncəsini yox, riyazi biliyini yoxlayır. Riyaziyyat üzrə magistr imtahanı verən ilə, tarix üzrə magistr imtahanı verənə eyni məntiq test tapşırığı təqdim etmək yanlışdır".
K. Əsədov doktoranturaya qəbulla bağlı edilən təklifə də münasibət bildirib. Onun sözlərinə görə, doktoranturaya qəbulla bağlı dəfələrlə çatışmazlıqlar sadalanır: "Bir çox hallarda doktoranturaya qəbulda neqativ hallar olurdu, kənar müdaxilələr baş verirdi. Demək olar ki, bir çox hallarda imtahanlarda yüksək qiymət alanlar yox, kimlərinsə qohumları, tanışları doktoranturaya keçirilir, qəbul olunurdu. Ona görə də bu gün elmdə ciddi uğurlarımız azdır, gənclərin elmə gəlməsində problemlər var idi. Çünki bir çox hallarda layiqli, savadlı şəxslər kənarda saxlanılırdı. Artıq bu hallar aradan qalxdı. Nazirlər Kabineti doktoranturaya qəbul qaydalarında dəyişiklik etdi. Xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar. Bu isə gənclərin, eləcə də tanışı və imkanı olmayanların yolunu elmə daha geniş açacaqdır".