BAKI, 4 dekabr — Sputnik. ABŞ yenə ruslara viza vermədi. Bu dəfə Federal Xəzinədarlıq heyətinin üzvlərinə və Xarici İşlər Nazirliyinin xaricdəki soydaşlarla iş şöbəsinin müdiri Oleq Malginova viza verilməyib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.
Xəzinədarlıq heyəti Beynəlxalq Audit Peşə Tənzimləmə İnstitutunun konfransında iştirak etmək üçün dekabrın 3-də Vaşinqtona getməli idi. Xarici İşlər Nazirliyinin rəsmisi isə 28-29 noyabrda Nyu-Yorkda Gənclər Forumunda iştirak etməli idi.
Rusiyanın Vaşinqtondakı səfirliyinin qeyd etdiyi kimi, ABŞ ardıcıl olaraq Rusiya rəsmilərinin girişini məhdudlaşdırıb və ən vacib danışıq formatlarını pozub.
Bundan əvvəl Birləşmiş Ştatlar Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək istəyən Rusiya nümayəndə heyətinin 18 üzvünə viza verməyib. Bundan sonra Moskva Vaşinqtonun "viza müharibəsi"nin başlandığını elan edib.
Sputnik radiosunun efirində vəziyyəti şərh edən Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Vaşinqtonun Moskvanı "sıxmaq" istəyini qeyd edib.
"Rusiya, əlbəttə ki, dünya kapitalının hərəkətini izləməklə bağlı vacib məsələlərin müzakirə olunduğu beynəlxalq konfranslarda iştirak etməlidir. Lakin Rusiya bu formatdan kənarlaşdırılır. ABŞ-ın belə bir imkanı var, onlar qlobal prosesləri idarə etməyə alışıblar və bunu dayandıra bilmirlər. Hər kəs deyir ki, Rusiya ilə əlaqə qurmaq istəyir. Ancaq amerikalıların şərtlərinə görə, Rusiya ABŞ-ın hegemonluğunu tanıyandan və göstərilən bütün şərtlərlə razılaşdıqdan sonra onunla dərhal yaxşı əlaqələr qurulacaq..." - deyə Dmitri Solonnikov bildirib.