Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 2 dekabr — Sputnik. "Beynəlxalq Dəniz Limanı vasitəsilə hər il Avropaya 15 milyon ton yük daşınır. Biz 6 milyon yükün və 1 milyon sərnişinin bu yolla daşınmasını proqnozlaşdırırıq". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı jurnalistlər üçün təşkil olunan təlimdə deyib.
O, əsas hədəflərdən də danışıb: "Sərhəd-keçid məntəqələrində sürətli keçidi təmin etmək əsas hədəflərdən biridir. Biz sərhəd-keçid məntəqəsində asanlaşmanı təhlükəsizliklə eyni anda təmin edirik. Çünki təhlükəsizliyin təmin olunmaması, hüquqpozma faktlarının baş verməsi dövlət büdcəsi üçün zərər deməkdir".
G.Muradlı qaçaqmalçılıq və gömrük ödənişlərindən yayınma hallarının digərləri ilə müqayisədə üstünlük təşkil etdiyini vurğulayıb.
Baş idarənin rəisi bildirib ki, bu il ərzində 11 min 922 hüquqpozma halları qeydə alınıb ki, bu da ötən illə müqayisədə 2254 rəqəm çox deməkdir: "Bu rəqəmlərin 67.4%-i qaçaqmalçılıq halları olub. Bu malların dəyəri 7 milyon 33 min manat olub".