CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Black Friday"lə bağlı rəqəmlər niyə açıqlanmır?

"Dövriyyənin tamamilə bəyan olunması əlavə vergi öhdəliyi yaradır. Bu səbəbdən də bu işlə məşğul olan şəxslərin dövriyyə ilə bağlı məlumatları elan etməkdə heç bir maraqları yoxdur" - Natiq Cəfərli
Sputnik

 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Alıcıların səbirsizliklə gözlədiyi günlərdən biri də "Black Friday"dir. Bir çox ölkələr "Black Friday" ilə bağlı satış rəqəmlərini açıqlayırlar. Ötən həftə keçirilən "Black Friday"də ABŞ-da 7,469,491,300 milyard dollar dəyərində alış-veriş olub. Bu satışların təxminən 40 faizi isə mobil telefonlarla bağlı olub.

Türkiyədə isə "Black Friday" günü çərçivəsində 2 milyon 265 min məhsul satılıb. Məlumata görə, satışların 75 faizi mobil telefon vasitəsi ilə reallaşıb.

Lakin Azərbaycanda isə "Black Friday" ilə bağlı heç bir rəqəm açıqlanmır.

Bunun əsas səbəbi vergidən yayınma ola bilər. Sputnik Azərbaycan-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli də belə deyib. Öncə dünya təcrübəsindən danışan ekspert bildirir ki, qara cümə ilə bağlı rəqəmləri xarici ölkələrdə pərakəndə satışla məşğul şirkətlər, yaxud da dərnəklər hesablayırlar: "Onlar bunu bir reklam aksiyasına çevirirlər. Rəqəmlərin daha da artması marağın böyüməsinə səbəb olur. Müxtəlif şirkətlər isə dövriyyələrini artıraraq bu haqda məlumat verməkdə maraqlı olurlar".

"Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti françayzinq müqaviləsi əsasında çalışırlar. Yerli şirkətlər və fiziki şəxslərlə müqavilə bağlayaraq təmsilçilik hüquqları verirlər. Belə olan halda yerli kampaniyalarla bağlı qərarları yerli təmsilçilər verir. Bu şəbəkələrin nə bir dərnəyi, nə də ki, ticarət assosiasiyası və bu cür rəqəmləri toplayacaq bir maraq qrupları var", - deyə həmsöhbətimiz əlavə edib.

O bildirir ki, böyük şəbəkələr, pərakəndə ticarətlə məşğul olanlar dövriyyələrini tam bəyan etməməyə çalışırlar: "Çünki dövriyyənin tamamilə bəyan olunması əlavə vergi öhdəliyi yaradır. Bu səbəbdən də bu işlə məşğul olan şəxslərin dövriyyə ilə bağlı məlumatları elan etməkdə heç bir maraqları yoxdur. Düşünürlər ki, rəqəmlərin açıqlanması vergi orqanlarının marağına səbəb olacaq".