CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başqaları az qala telefonla ulduzlara uçur, biz heç danışa bilmirik

Bərdədə telefon və internetin keyfiyyətinin aşağı olması barədə hamı danışır. Problemin aradan qaldırılması üçün isə iş görülmür
Sputnik

Musa Muradlı , Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Bərdə rayon  Telekommunikasiya İdarəsi 3 aydan çoxdur ki, Mustafaağalı sakininin telefonunu bərpa edə bilmir

İdarənin yarıtmaz işinin nəticəsi olaraq, rayonda nə telefon, nə də internet xəttləri düz əməlli işləmir.

Ləyənlə Aya uçmaq qədər cəfəng bəhanələr: smartfonda sürətli internet gözləməyin

Bərdədə rabitənin durumu heç də ürəkaçan deyil. Telefon xətləri normal işləmir, internetin surətindən danışmağa dəyməz. Özü də bu, Azərbaycanın kosmosa peyk göndərdiyi bir vaxtda baş verir.

Bərdə sakinləri dərdlərini Sputnik Azərbaycan-a danışıblar.

Mustafaağalı kənd sakini Əsli Muradova aylıq abunə pulunu ödəsə də telefonu ilin çox vaxtı işləmir: “Mənə məxsus telefon işləmir. Buna görə kənd ATS-nə dəfələrlə müraciət eləsəm də, düzəlmir. Düzələcəyini  deyirlər, ancaq yaranmış texniki nasazlığı aradan qaldırmırlar. Bərdə Rayon Telekommunikasiya İdarəsinin rəisi Rəfail Məmmədov mənim istifadə etdiyim telefona texniki qulluq göstərilməsindən faktiki olaraq imtina edir. 3 aydan artıqdır ki, mən ümumiyyətlə telefonla danışa bilmirəm”.

Bərdə şəhər sakini Nilufər Əliyeva isə yaşadığı ünvan dəyişikliyindən sonra ailəsinə məxsus telefon nömrəsini köçürmək üçün Bərdə rayon Telekommunikasiya İdarəsinə müraciət edib. İdarədən isə telefonun yeni ünvana daşınmasından imtina olunub. Bərdə rayon Telekommunikasiya İdarəsinin baş mühəndisi vətəndaşın müraciətinə müsbət cavab verə bilməyəcəklərini bildirib. Səbəb də evlə nömrə yuvaları arasında məsafənin uzaq olması kimi izah olunub .

Bərdə rayon Mehdili İnzibati Ərazi Dairəsində yerləşən Qaradəmirçi kəndində də rabitənin günü ürəkaçan deyil. Kənd sakini İsrafil Paşayev deyir ki, telefon və internetdən istifadə eləmək imkanından tez-tez məhrum olurlar. Bu barədə Bərdə rayon Telekommunikasiya İdarəsinin rəisinə məlumat versələr də, heç nə dəyişməyib.

Bərdə rayon Telekommunikasiya İdarəsinin rəisi Rəfail Məmmədovun məsələyə aydınlıq gətirməsi üçün cəhd etsək də, adı çəkilən şəxslə danışmaq mümkün olmadı. İdarənin baş mühəndisi Yunis Məmmədov isə “düzələcək” deyərək, yaranmış problemin kabellə əlaqəli olduğunu bildirir.

Mobil telefon, avtomobilin sükanı və çantadakı qələm - Təhlükəli üçlük

“Telefon kabelin zədələnməsinə görə işləmir. Kabel magistral yolun altından keçdiyinə görə texniki nasazlığın aradan qaldırılması çətinləşib. Orada görüləsi xeyli iş var. Yol yarılmalı, kabel çıxarılıb, dəyişdirilməlidir. Bunun üçün də razılıq alınmalıdır. Gecikməyə səbəb də budur” – deyə baş mühəndis bildirib.

Bərdədə telefon və internetin keyfiyyətinin aşağı olması barədə hamı danışır. Problemin aradan qaldırılması üçün isə iş görülmür. Ölkə başçısının məmurlar üçün müəyyən etdiyi prioritet vəzifə - vətəndaş məmnunluğunu təmin etmək tapşırığına Bərdə Rayon Telekommunikasiya İdarəsinin rəhbərliyinin özünəməxsus yanaşması var.