Heyətinə turnirin səkkiz keçmiş qalibinin daxil edildiyi AVRO-nun ulduzlardan ibarət yığması noyabrın 30-da Buxarestdə AVRO-2020-nin püşkatması zamanı kömək edəcək. Ümumilikdə bu oyunçular AVRO-nun final mərhələsində 109 oyun keçiriblər.
Püşkatmanın yayımı Mərkəzi Avropa vaxtı ilə 18:00-da başlanacaq. Yayımı UEFA.com-dan canlı olaraq izləyin.
UEFA-dan xüsusi dəvət almış 11 futbolçunun sırasında Rusiya yığmasının keçmiş hücumçusu Andrey Arşavin də var. O, AVRO-2008-də komandasına bürünc medalları qazanmağa kömək edib. Həmçinin siyahıdakı hazırda oynayan yeganə futbolçu olan Portuqaliya yığmasının və Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Joau Mariunu qeyd etmək lazımdır.
Ümumilikdə ulduzlar komandasının heyəti bu şəkildədir:
Qapıçı: İker Kasilyas (İspaniya, AVRO-da 14 oyun, AVRO-2008 və AVRO-2012-nin qalibi).
Müdafiəçilər: Filipp Lam (Almaniya, AVRO-da 14 oyun, iki qol, AVRO-2008-in qalibi), Yon Sivebek (Danimarka, AVRO-da on oyun, AVRO-1992-nin qalibi); Marsel Desayi (Fransa, AVRO-da 12 oyun, AVRO-2000-nin qalibi, AVRO-1996-nın yarımfinalçısı), Rikardu Karvalyu (Portuqaliya, AVRO-da 11 oyun, AVRO-2016-nın qalibi, AVRO-2004-ün finalçısı).
Yarımmüdafiəçilər: Teodoros Zaqorakis (Yunanıstan, AVRO-da altı oyun, AVRO-2004-ün qalibi), Karel Poborski (Çexiya, AVRO-da 14 oyun, iki qol, AVRO-1996-nın finalçısı, AVRO-2004-ün yarımfinalçısı), Ruud Qullit (Niderland, AVRO-da doqquz oyun, bir qol, AVRO-1988-in qalibi, AVRO-1992-nin yarımfinalçısı), Joau Mariu (Portuqaliya, AVRO-da yeddi oyun, AVRO-2016-nın qalibi).
Hücumçular: Françesko Totti (İtaliya, AVRO-da altı oyun, iki qol, AVRO-2000-in finalçısı), Andrey Arşavin (Rusiya, AVRO-da altı oyun, iki qol, AVRO-2008-in finalçısı).
Andrey Arşavin, Marsel Desayi, Ruud Qullit, Karel Poborski, Rikardu Karvalyu və Teodoros Zaqorakis həmçinin AVRO-2020-nin səfirləridirlər.