CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş polis rəisinə yüksək rütbə və vəzifə verildi

Ədliyyə Nazirinin müavini Məhərrəm Abış oğlu Əliyev İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.
Sputnik

BAKI, 29 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün bir sıra önəmli təyinatlara imza atıb. Belə ki, Ədliyyə Nazirinin müavini Məhərrəm Abış oğlu Əliyev İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

Prezident digər sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Məhərrəm Əliyev 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

Prezident Administrasiyasında sürpriz dəyişikliklər baş verib

1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.

2012-2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilib.