CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Az qaldı, daha su, yol, kanalizasiya dərdi çəkməyəcəklər – Qərar var

Sərəncamla Bakı şəhəri Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri uzun müddət diqqətdən kənarda qalıb, indi vəziyyət kökündən dəyişəcək
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Yol polisindən avtomobil sahiblərinə xəbərdarlıq

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncamla Bakı şəhəri Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycanın 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan cəmi 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Qeyd edək ki, adıçəkilən qəsəbələrdə yollar, su və kanalizasiya sisteminin vəziyyəti heç də ürəkaçan deyil. Məsələn, Zabrat qəsəbəsində kanalizasiya sistemi mövcud deyil. Qəsəbə sakinləri həyətlərində şanbolar qazaraq kanalizasiya sularını həmin şanbolara axıdırlar.

Az qaldı, daha su, yol, kanalizasiya dərdi çəkməyəcəklər – Qərar var

Qəsəbənin küçələri də acınacaqlı vəziyyətdədir. Yay aylarında kələ-kötür yollardan birtəhər keçmək mümkün olsa da, yağıntılar düşən kimi keçilməz vəziyyətə düşür. Vətəndaşlar bu barədə dəfələrlə şikayətlərini dilə gətiriblər. Amma vəziyyət uzun müddət dəyişməz olaraq qalıb.

Pirşağı qəsəbəsində də eyni vəziyyət hökm sürür. Bir balaca yağış yağan kimi bəzi küçələrdə böyük gölməçələr yaranır.

Ramana və Maştağa qəsəbələrində də vəziyyət eynidir.

“Sərəncamdan sonra hansı işlər görüləcək” sualı il bağlı Sputnik Azərbaycan-a danışan "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, vəsait ayrılmış 4 qəsəbəyə mərkəzləşdirilmiş su və kanalizasiya sistemi qurulacaq: "Bütün işlər bitəndən sonra asfaltlama işləri aparılacaq. Layihə hələ tam hazır olmadığı üçün nə qədər su və kanalizasiya xətlərinin çəkiləcəyi məlum deyil".

Az qaldı, daha su, yol, kanalizasiya dərdi çəkməyəcəklər – Qərar var

A.Cəbraıllı vurğulayıb ki, su və kanalizasiya sisteminin çəkilməsinə gələn aydan başlanılacaq.

"Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istiqamətləndirildiyi küçələrə texnikalar yığılır ki, işlər tez həyata keçirilsin", – deyə A.Cəbrayıllı vurğulayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə açıqlamasında bildirib ki, Bakı ətrafı qəsəbələrdə yolların təmirinə artıq başlanılıb. Belə ki, Kürdəxanı qəsəbəsinin bütün yolları artıq təmir edilib.

"Layihə əsasında digər qəsəbələrdə yolların təmiri həyata keçiriləcək. 2023-cü ilə qədər Bakı ətrafı qəsəbələrdə təmir edilməmiş yol qalmayacaq. Ancaq işlər hissə-hissə həyata keçirilir. Bu işin yarımçıq saxlanılması və ya hansısa küçənin təmir edilməməsindən söhbət gedə bilməz. Bütün yollar təmir ediləcək", – deyə Nəcəfli vurğulayıb.