HADİSƏ

Daha bir ölkədə məktəbdə kütləvi zəhərlənmə - 141 şagird xəstəxanaya aparılıb

Türkiyənin Sakarya vilayətinin valisi Əhməd Hamdi Nayir deyib ki, ağır vəziyyətdə olan şagird yoxdur.
Sputnik

BAKI, 27 noyabr — Sputnik. Türkiyənin Sakarya şəhərində kütləvi zəhərlənmə baş verib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, şəhərdə bir özəl məktəbdəki bəzi şagirdlər dünən gecə qusma və qarın ağrısı şikayətləri ilə müxtəlif xəstəxanalara aparılıb. Xəstəxanalara qəbul edilən 141 şagirddən 26-sı müalicə altındadır.

Sakarya valisi Əhməd Hamdi Nayir deyib ki, ağır vəziyyətdə olan şagird yoxdur: "Hazırda 26 şagirdin müalicəsi davam edir, digərləri isə evə buraxılıb. Səhərə qədər 141 şagird müraciət edib. Həm qida, həm də su nümunələri götürülərək zəruri araşdırmalara başlanılıb".