BAKI, 27 noyabr — Sputnik. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-də saat 23 radələrində qəsəbə ərazisində bir qrup şəxsin onu hədələyib 7000 manat pul tələb edərək "Mercedes" markalı avtomobilə otuzduraraq evinin qarşısına apardıqlarını, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini N.Eminov, habelə qrupun digər üzvləri - Tərtər rayon sakini S.Abbasov və Masallı rayon sakini R.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.