İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 26 noyabr — Sputnik. Yağış yağan kimi Xırdalanda sakinlərin canına vəlvələ düşür. Çünki quraqlıq günlərdə belə, güclə keçilən küçələr, yağış yağandan, gölməçələr yaranandan sonra “alınmaz qalaya” çevrilirlər.
Şəhərin bir çox küçələri, yolları keçilməz vəziyyətdədir. İcra Hakimiyyətinin qarşısındakı yol təmir edilsə də, AAAF parka gedən yol, Heydər Əliyev prospekti və digər mərkəzi küçələr heç də yaxşı durumda deyil.
Təmir adı ilə bəzi küçələrdə qazıntı işləri aparılır, bəzi küçələrə sadəcə şebel tökülüb, bəzi küçələr isə ümumiyyətlə baxımsız, kələ-kötür durumdadır.
Xırdalan sakini Validə Əliyeva Sputnik Azərbaycan-a deyir ki, 2015-ci ilə qədər yollar normal vəziyyətdə olub. Sonradan yeni binaların tikintisinə başılanılıb və küçələr, yollar ağır tonnajlı avtomobillərin yükü altında sıradan çıxıb: "Hələ payızdır, belə vəziyyətdir. Palçıq, su küçəni başına alıb. Qarşıdan qış gəlir. Qışda vəziyyətimiz necə olacaq?".
V.Əliyevanın sözlərinə görə, hər gün onlarla uşaq bu palçığın içindən keçərək, məktəb gedir.
Sakinlər hesab edir ki, şəhərdə yeni binaların tikintisi onların vəziyyətini ağırlaşdırıb. Hazırda bir çox ərazilərdə tikinti işləri aparıldığı üçün küçələr arzuolunmaz vəziyyətdədir. Tikinti şirkətləri də binanı tikib qurtarandan sonra yaxın ərazini asfaltlayıb abadlaşdırmaqla işlərini bitmiş hesab edirlər. Ətrafda yararsız hala saldıqları küçələr isə yadlarına da düşmür.
Xırdalanda yeni kanalizasiya sisteminin çəkilişi vəziyyəti bir qədər də ağırlaşdırıb. Yollar qazılır, avtomobillərin keçməsi üçün az yer qaldığı üçün yollar yüklənir.
"Kimə müraciət edəcəyimizi bilmirik. Qış qapıdadır. Amma heç kim də heç nə etmir", – deyə sakinlər gileylənirlər.
Biz də niyə şəhər rəhbərliyinin heç nə etmir sualı ilə Abşeron Rayon İcra Hakimiyyətinə üz tutduq. Amma qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli heç nə edilməməsi fikrimiz ilə razılaşmadı. O bildirdi ki, şəhərdəki mövcud durum məhz iş görülməsinin səbəbidir: “Hazırda Xırdalan şəhəri ərazisində formalaşan tullantı suları bir neçə pillədən ibarət nasos stansiyası və daşıyıcı kollektorlar vasitəsilə Bakı şəhərinin kanalizasiya sisteminə qoşularaq Hövsan Aerasiya Stansiyasına nəql etdirilir. Relyef və mövqe baxımından Xırdalan şəhəri və ətrafında yerləşən yaşayış məntəqələri Lökbatan təmizləyici qurğularının tullantı sularının formalaşma hövzəsinə daxildir. Perspektiv layihələrə əsasən bu hövzədə formalaşan tullantı sularının diametrləri 2200-3000 mm olacaq magistral kollektorlar vasitəsilə Lökbatan təmizləyici qurğularına nəqli nəzərdə tutulub. Xırdalan şəhərinin tullantı sularının idarə edilməsində sabitliyin əldə olunması məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhər ərazisindəki mövcud kanalizasiya şəbəkə və qurğuları təftiş olunub və yeni tikilən xətlərin mövcud sistemlə əlaqələndirilməsi istiqamətində müəyyən işlər aparılır".
Onun sözlərinə görə, bu işlərin vaxtında və tez bir zamanda başa çatdırılması istiqamətində Abşeron rayon İcra Hakimiyyəti tərəfindən lazım olan bütün tədbirlər həyata keçirilir.
"Əsasən 3-4 metr dərinlikdən keçən və diametri 600, 800, 1000 mm olan magistral xətlərin çəkilməsi üçün bütöv yolun qazılması qaçılmazdır. Bu da sakinlər arasında müəyyən narazılıqlara səbəb olur. Çəkilən xətlərin üstü örtüldükdən sonra gələcək fəsadların olmaması üçün xətlərin test edilməsi və ev birləşmələrinin verilməsi də istər istəməz müəyyən zaman tələb edir. Küçə və yolların qazılmasından əziyyət çəkən sakinlərimizin vəziyyəti nəzərə alınaraq "Azərsu" rəhbərliyi ilə danışıqlar aparılıb, podratçı təşkilatlar tərəfindən qazılmış və işlər bitən küçələrə asfalt vurulub", - Qasımbəyli vurğulayıb.
S.Qasımbəylinin sözlərinə görə, bərpa işləri ilə bağlı İcra Hakimiyyəti lazım olan köməkliyi göstərir. O, eyni zamanda bildirib ki, su-kanalizasiya ilə bağlı uzun müddətdir problemlər yaşayan Xırdalanın gələcək inkişafına, əziyyət çəkən sakinlərin problemlərinin həllinə xidmət edəcək bu böyük layihənin növbəti il ərzində başa çatdırılması üçün bütün tədbirlər görülür və bu iş ciddi nəzarətdə saxlanılır: "Narahatlıqla bağlı Xırdalan sakinlərimizdən üzr istəyir və onları səbirli olmağa çağırırıq".
Beləcə, Xırdalan sakinlərinin bəxtinə hələ də qazılmış, keçilməz vəziyyətə salınmış, gölməçələrlə dolu küçələrdə yaşamaq yazılıb. Ən azı bu qışı beləcə keçirəcəklər.
Sonra isə yaxşı olacaq. Söz veriblər...
P.S. Fotolar son yağışlar yağmamışdan iki gün öncə çəkilib.