MƏDƏNİYYƏT

Avropalılar azərbaycanlının musiqisini "Taxt-tac oyunları"nın saundtrekinə bənzədiblər

Avropalılar Britaniyada yaşayan Azərbaycan əsilli müğənni Sami Yusufun hazırladığı "Nəsimi" kompozisiyasına yüksək qiymət veriblər və bu musiqini məşhur tarixi "Taxt-tac oyunları" serialının saundtreki ilə müqayisə ediblər.
Sputnik

BAKI, 25 noyabr — Sputnik. Avropalılar Britaniyada yaşayan Azərbaycan əsilli müğənni Sami Yusufun hazırladığı "Nəsimi" kompozisiyasına yüksək qiymət veriblər və bu musiqini məşhur tarixi "Taxt-tac oyunları" serialının saundtreki ilə müqayisə ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Çexiyanın Brno şəhərində yaşayan azərbaycanlı bloger Elmir Həmidli sözügedən kompozisiya ilə bağlı maraqlı eksperiment aparıb. O, "Nəsimi" kompozisiyasını Brno şəhərinin sakinləri və qonaqlarına dinlədərək onların rəyini soruşub. Daha sonra bloger həmin rəylərin videosunu "YouTube" sosial şəbəkəsindəki səhifəsinə yerləşdirib.

Dinləyənlər musiqiyə valeh olublar. Onlar hətta Sami Yusufun melodiyasını İran-alman bəstəkarı, "Taxt-tac oyunları" serialının saundtrekinin bəstəkarı Ramin Cavadinin musiqisi ilə müqayisə ediblər. Çex dinləyicilər arasında hətta Azərbaycan musiqisi ilə tanışlığı olan şəxslər də tapılıb.

Xatırladaq ki, 2019-cu il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan dilində yazılı poeziya ənənəsinin banisi Seyid İmadəddin Nəsiminin şərəfinə "Nəsimi ili" elan edilib.

Sözügedən kompozisiya Nəsimin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb. Onun musiqi direktoru və bəstəkarı Sami Yusuf, prodüser və rejissoru Andrey Boltenkodur.

"Şur" muğamından istifadə edilərək hazırlanmış kompozisiyanı xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivi ifa edir. Solistlər Sami Yusuf, Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevadır.

"Nəsimi" kompozisiyası ilk dəfə 30 iyun-10 iyul tarixlərində Bakıda yüksək səviyyədə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təntənəli açılış mərasimində səsləndirilib.