BAKI, 24 noyabr — Sputnik. Misir arxeoloji missiyası Qahirə yaxınlığındakı Sakkara kompleksində müqəddəs sayılan heyvan və quşların mumiyalarını, eləcə də Qədim Misirin müxtəlif tarixi dövrlərinə aid onlarla artefakt aşkarlayıb.
Sputnik Azərbaucan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə ölkənin Qədim Abidələr üzrə naziri Xaled əl-Ənani bildirib.
"Bu, sadəcə, yeni tapıntı deyil, bu, əsl muzeydir", - nazir Sakkaradakı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, böyük ehtimalla şir balalarının mumiyalarına bənzəyən iki tapıntı daha çox maraq doğurur: "Biz ilkin araşdırma apardıq, o cümlədən skan etdik və böyük ehtimalla, bunların 6-8 aylarında olan şir balalarının mumiyası olduğunu deyə bilərik".
Əl-Ənani həmçinin bildirirb ki, arxeoloqlar bir neçə pişiyin, manqustun, balaca timsahların, buzovların və qırğıların mumiyalarını aşkarlayıblar. "İndi bunların hansı fəaliyyətdə olan muzeyə aparılacağını nəzərdən keçiririk, amma ola bilsin ki, ayrıca muzey yaratdıq", - nazir əlavə edib.
Sakkaradakı arxeoloji missiyanın başçısı Muhammad Yosef RİA-Novosti-yə bildirib ki, aşkarlanan tapıntılar fironların təxminən 2700 il əvvəl hakimiyyətdə olmuş XXVI sülaləsinə aiddir: "Tapıntıların yaşı e.ə. yeddinci əsrə aiddir, yəni 2700 il yaşı var".
Onun sözlərinə görə, Sakkara qədim misirlilər üçün müqəddəs heyvanlara sitayiş olunan yer idi. Heyvan mumiyaları ilə yanaşı, tədqiqatçılar onlarla Qədim Misir tanrılarının heykəlciklərini, ayinlərdə istifadə olunan əşyaları tapıblar.