CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Varlı və keyfiyyətli adamlar" - Türkiyədə istirahətlə öyünmək dəbi qayıdacaq

Turistlər çox olanda yerlilərə maneə törədir, ətraf mühitə, infrastruktura ziyan vururlar. Amsterdamda, Barselonada turistlərdən vergi tutulur, yəni oraya daha varlı turistlər gedə bilirlər
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Türkiyə parlamentinin Vergi və büdcə komissiyası gələn ildən oteldə bir gün qalmaq üçün 6 lirədən 18 lirəyədək vergi tutulması təklifini irəli sürüb. 

Kök turistlərə eşşəyə minmək qadağan edilir
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, təklifə əsasən, 1 həftəlik beşulduzlu otel sifariş verən qonaq təxminən 22 dollar vergi ödəməli olacaq. Bundan əvvəl isə verginin otel sahiblərindən tutulması təklif edilmişdi. Parlamentdəki müzakirələrdən sonra verginin turistlərin üzərinə qoyulması gündəliyə gətirilib. Layihə qəbul edilərsə, 12 yaşdan yuxarı hər bir turist oteldə qalmağa görə vergi ödəməli olacaq və həmin verginin məbləği otelin kateqoriyasından asılı olaraq 6 lirədən 18 lirəyədək dəyişəcək. 

Bəs Türkiyədə bu qanun layihəsi qəbul edilsə, azərbaycanlı turistlərin bu ölkəyə getməsinə necə təsir edəcək? Digər tərəfdən, Azərbaycanda da turizm vergisini tətbiq etmək olarmı?

Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının rəhbəri Samir Dübəndi Sputnik Azərbaycan-a deyib ki, bu gün dünya təcrübəsində turistlərdən verginin tutulması mövcuddur:

"Məsələn, Hollandiyanın Amsterdam şəhərində, İspaniyanın Barselona şəhərində turistlərdən verginin tutulması çoxdan tətbiq edilir və turistdən oteldə bir gecə qalmağa görə 3-10 avro vergi tutulur. Turistlər həddindən çox olanda yerli əhaliyə mane törədir, ətraf mühitə, infrastruktura ziyan vurur. Ona görə də, məsələn, Amsterdamda, Barselonada turistlərdən vergi tutulur, yəni daha varlı turistlər oraya gedə bilirlər".

Amma Azərbaycanın turizm bazarının inkişaf etməsinə baxmayaraq, S.Dübəndinin fikrincə, bu gün biz belə bazarlar ilə özümüzü müqayisə edə bilmərik: "Azərbaycan təcrübəsində uzun müddətdir ki, otellərdə oxşar vergi tətbiq olunur. Biz bunu bələdiyyə vergisi və yaxud şəhər vergisi adlandırırıq. Bizdə adambaşına oteldə bir gecə qalmağa görə təxminən 1 manat 10 qəpik -1 manat 20 qəpik vergi tutulur, amma bunu otel ödəyir. Yəni otel müştəriyə qiymət deyərkən bu xərc nəzərdə tutulur.

Gündəmi zəbt etmiş alman turist: "Bakı məndə çox böyük təəssürat yaratdı"

Bu gün Azərbaycanın turizm bazarı inkişaf mərhələsindədir və bu inkişaf dövründə yeni vergilərin tətbiq olunması mənfi addım olar. Bu gün bizdə bunu tətbiq etmək doğru olmaz. Əksinə, hələ ki, biz bu sahədə imtiyazlar tətbiq etməliyik".

S.Dübəndi hesab edir ki, Türkiyədə turizm vergisinin tətbiq olunması azərbaycanlı turistlərin bu ölkəyə getməsinə ciddi təsir etməyəcək: "Otellərin qiyməti Türkiyəyə təklif olunan turların daxilindədir. Düşünmürəm ki, bu addım turist sayının azalmasına təsir göstərsin".

Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a qısa açıqlamasında deyib ki, Türkiyənin atacağı bu addım azərbaycanlı turistlərin bu ölkəyə getməsinə təsir etməyəcək və Azərbaycanda belə bir turizm vergisinin tətbiqi gündəmdə deyil.