SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranda iğtişaşlarda maraqlı olan hansı qüvvələrdir - ekspert danışır

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, sosial narazılıqların artması İranda daha ciddi proseslərin gedəcəyini güman etməyə əsas verir
Sputnik

İranın müxtəlif şəhərlərini sirayət edən aksiyalar dünyanın siyasi gündəmində ciddi müzakirə olunur.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın Vyana razılaşmasından çıxması, daha sonra isə bir sıra Avropa ölkələrinin bu razılaşmanın bəzi şərtlərindən imtina edərək İran əleyhinə sanksiyalara qoşulması bu ölkənin iqtisadiyyatının çalxalanması ilə nəticələndi:

“Hazırda İranda iqtisadi tənəzzül yaşanmaqdadır. Benzinin bahalaşdırılması isə bu məsələdə kritik nöqtə oldu. Sosial narazılıqların artması İranda daha ciddi proseslərin gedəcəyini güman etməyə əsas verir. Qeyd edək ki, ABŞ-ın İrana qarşı siyasətində əsas istiqamətlərdən biri bu ölkədə sosial narazılıqların körüklənməsi və onunla insanların küçələrə çıxmasını təmin etməkdir. Faktiki olaraq bu proses İranda davam edir”.

Xatırladaq ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekvivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfə bahadır.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz