HADİSƏ

Xızının qarı təcrübəli rusları məətəl qoydu

Hadisə ilə bağlı məlumat alan Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal turistlərə köməklik ediblər. Avtomobil yol kənarından çıxarılıb, sürücü və sərnişinlərə ilkin tibbi yardım göstərilib
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Dünən Xızı rayon ərazisinə yağan qar nəticəsində Rusiya Federasiyasından ölkəmizə istirahətə gələn turistlər çətinliklərlə üzləşiblər.

Daxili İşlər Nazirliyindən (DİN) Sputnik Azərbaycan-a verilən məlumata görə, "Hyundai" markalı avtomobilin sürücüsü qarlı yolda idarəetməni itirib. Nəticədə həmin nəqliyyat vasitəsi yol kənarına sürüşüb, maşında olan sürücü və sərnişinlər gecə vaxtı, şaxtalı havada köməksiz vəziyyətdə qalıblar.

Hadisə ilə bağlı məlumat alan Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal turistlərə köməklik ediblər. Avtomobil oradan çıxarılıb, sürücü və sərnişinlərə ilkin tibbi yardım göstərilib. Sürücü və sərnişinlər onları çətin durumdan xilas etdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirib.