BAKI, 22 noyabr — Sputnik. Noyabrın 22-də saat 03:49-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Ələt-Astara yolunun 102-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub.
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
Saat 04:10 dəqiqədə DYMX-nın ilk yanğın avtomobili hadisə yerinə çatıb. Hadisə yerindən DYMX-nın əməkdaşı verilən ünvanda yanacaqdaşıyan avtomobilin açıq alovla yanması və avtomobildə 1 nəfərin qalması barədə məlumat verib.
Yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət, 6 texnika cəlb olunub.
Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkət edən 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlu tərəfindən idarə olunan "DAF" markalı 99-CZ-868 dövlət qeydiyyat nişanlı yanacaqla dolu avtoçən idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
Yanğın saat 05:40 dəqiqədə məhdudlaşdırılıb. Yanğın saat 08:41 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.